Sağdan, soldan çox cumurlar, mütləq bir ziyanlıq edəcəklər. Zatən, bu hökumətin xasiyyətidir, nəsə bir pis iş edəcəksə, əvvəlcə yeddinci dərəcəli məmurun diliylə anons eləyir.
Ertəsi gün, bir başqa məmur çıxır, “elə şey yoxdur” deyir, ajiotaj yatır, xalqın ürəyi yerinə gəlir, xalqcanlı hökumətə alqış söyləyir.
Üstündən bir həftə, on gün keçir, bu dəfə üçüncü dərəcəli məmur bəyan edir: “Ola bilər ki, bəzi strateji əhəmiyyət daşıyan məhsulların qiymətinə yenidən baxılsın”.
Allah qoymasa, diplomatiyaya baxın: “Qiymətinə yenidən baxılsın”. Guya ki, qiymətə yenidən baxıb, aşağı salacaqlarmış. Nə vaxt belə bir iş olub? Qiymətlərə yenidən baxırlarsa, mütləq qaldırırlar. “Snijenie” deyilən şey axırıncı dəfə Stalinin vaxtında olub (bilirəm, gənc kommunistlər indi bunu “voot” deyə dəftərə yazacaq, dəlilə çevirəcəklər, amma bolşeviklər də çox zülmkar olublar).
Ancaq qiymətlərin qaldırılacağı xəbəri dərhal təsdiqlənmir, bir dəfə də təkzib olunur. Yenə bir səlahiyyətli cənab media önünə çıxır, xalqa duyurur ki, narahatlığa əsas yoxdur, Tarif Şurasında belə bir məsələ müzakirə olunmur. Tozanaq yenə yatır.
Xalq qeyri-müəyyənlik etapına girir. Bir qrup adam deyir, yox, yox, bunlar artıq yabanın ucunu qoydular, mütləq qaldıracaqlar. Başqa bir qrup deyir, yox, a kişi, o boyda vəzifənin yiyəsi ağzında söz dedi, yəni elə şey olarmı. Üçüncü qrup deyir, cəhənnəmə qaldırsınlar.
Bu qrupun özü də iki yarımqrupa bölünür: varlı-hallıların yarımqrupuna daxil olanlar ona görə “qiymətlər cəhənnəmə qaldırılsın” deyirlər ki, onlar üçün fərqi yoxdur, onlardan olsa, benzinin litri 100 manat olar. Çünki bu halda maşın sürən az olacaq, uşaqlar küçədə tıxaca düşməyəcəklər. Gündə 1000 manat xərcələməyəklər, 10 min manat xərcləyəcəklər, heç zad olmaz.
“Qiymətlər cəhənnəmə qaldırılsın” deyən ikinci yarımqrup isə əlini dünyadan üzmüş, kasıbçılığı, fağırlığı ilə barışmış adamlardır, onlar da fikirlərşirlər ki, nə qədər olmasa da, yavan çörək tapacaqlar, o da olmayacaq, yıxılıb öləcəklər, canları qurtaracaq.
Beləliklə, qiymətlərin qaldırılması xüsusunda ictimaiyyət arasında davam edən müzakirələrin gedişində bir gün elan edirlər ki, bay, qiymətlər qalxıb. Hamının çiynindən yük götürülür. Qeyri-müəyyənlikdə qalmaq pis şeydir axı.
And içirlər ki, İranda barəsində edam hökmü çıxarılmış dustaqlar hələ məhkəməsi gedən dustaqlarla müqayisədə daha rahatdırlar. Hələ məhkəmənin hökmünün necə olacağını bilməyən məhbuslar isə çox həyəcanlanır, əndişələnir, divarı-zadı döyürlər. Elə ki, onların da hökmü verilir, canları dincəlir, sakitcə oturub qaldırıcı krana aparılacaqları günü gözləyirlər.
Qiymət məsələsində bizimki ona dönüb. Hələlik hökm yoxdur deyə dara-bara salanlar çoxdur.
Budur, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov hökmünü verib: “Gələn il yanvarın 1-dən ”Avro-3″ə keçidlə əlaqədar Azərbaycanda yanacağın qalxma ehtimalı var”.
Rəsmi mövqe belə olar. “Qalxma ehtimalı var” deyirlərsə, demək, gerçəkdən də var, “enmə ehtimalı var” desəydilər, o, ola bilməzdi. Çünki əl altında presedent yoxdur.
Əslində, R.Həsənovun bəyanatının loru dilə açması bu cürdür: “Burcutmağın xeyri yoxdur, qiymətlər qalxacaq”. Onun yerinə Tağı Əhmədov olsaydı, belə deyərdi, məsələ də bitərdi.
Ağlınız bəyənmədiyimiz Türkmənistana getməsin, orda bizim pulla 1-2 manat verərək bir çən (50-60 litr) benzin doldurmaq mümkündür. İranda da elədir. Bəs bizdə niyə belədir?
Yəqin ona görə ki, bizim 1 milyon qaçqınımız var, torpaqlarımızın 20 faizi işğal altındadır, neft strategiyamız uğurludur, “Eurovision-2012″-nin qalibi olmuşuq, regionun lider dövlətiyik və sair və ilaxır.
Əslində güclü arqumentlərdir. Amma bəzi adamlar var, heç cür anlamırlar, deyirlər, regionun lideri olanda nə olar, nəyə görə ən baha banan bizdə olmalıdır. Yaxşı deyək ki, biz banan respublikası deyilik, deyirlər, banan ona görə bahadır, bəs yanacaq niyə qeyri-neft ölkələrindəki kimi bahadır, axı yanacaqlı ölkəyik.
Bunun da ağlabatan cavabı var. Amma qoy onu qiyməti qaldırmaq istəyənlər versinlər.