Noyabrın 21-də vəkil Elçin Sadıqov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb. Məlumatı vəkil öz “Facebook” səhifəsində yayıb.
Elçin Sadıqov bildirib ki, Pərviz Həşimlinin səhhəti çox pisdir: “Mənə dedi ki, onun belə şəraitdə saxlanılması faktiki olaraq işgəncədir, qeyri-insani rəftardır. Bu üsulla onu həyatdan bezdirmək, özünə ümidsizlik, inamsızlıq və acizlik yaratmaq istəyirlər. Onun sağlamlığına qəsd edirlər.
Bildirdi ki, sabah istintaq təcridxanasının rəisinə məktub yazıb gələn həftənin birinci günündən aclıq aksiyasına başlayacaq. Tələbi isə ailəsi ilə görüşə icazə verilməsi, insan həyatına təhlükəli olmayan və insan ləyaqətini alçaltmayan şəraitdə saxlanması üçün Bakı İstintaq Təcridxanasına köçürülməsi, müdafiə hüququnun həyata keçirilməsinə şərait yaradılmasıdır”.
Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara odlu silahın və döyüş sursatının qaçaqmalçılığı, odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma ittihamları ilə cinayət işinə başlayıb.
mediaforum.az