Ötən həftə AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov İsrailə “məxfi səfər” edib. O, ən yüksək səviyyədə görüşlər keçirib. Azərbaycan tərəfi bu haqda məlumat verməsə də, S.Seyidov baş nazir Benyamin Natanyahu ilə görüşüb. 

İsrail mətbuatında yayılan məlumatlardan məlum olub ki, S.Seyidovun səfəri İsrail –Azərbaycan beynəlxalq assosiasiyası – Azİz və İsrail XİN tərəfindən təşkil olunub.

S.Seyidov Knessetdə olub, İsrail-Azərbaycan parlamentlərarası assosiasiyanın sədri Amnon Koen ilə görüşüb. S.Seyidov həmçinin Knessetin spikeri Yuli Edelşteyn ilə görüşüb.

Sonra S.Seyidov İsrail hökumətinin rəhbəri Benyamin Natanyahu ilə görüşüb.

“Sizin İsrailə səfəriniz bir daha göstərir ki, ölkələrimiz arasında münasibətlər düzgün istiqamətdə inkişaf edir”, -baş nazir vurğulayıb. O ümidvar olduğunu bildirib ki, hər iki tərəf münasibətlərin və ikitərəfli faydalı əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün maksimum səy göstərəcək.

Səfər başa çatdıqdan sonra İsrailin Bakıdakı səfiri Rafael Xarpaz jurnalistlərə bildirib ki, yaxın vaxtlarda İsrail və Azərbaycan arasında diplomatik və xidməti pasportları olan Azərbaycan vətəndaşlarının İsrailə səfərinin sadələşdirilməsi haqda saziş  imzalanacaq. 

“Azərbaycan bizim üçün mühüm dövlətdir və yaxın vaxtlarda vizasız səfərlər məsələsi həll olunacaq”, – səfir qeyd edib. O, ikitərəfli münasibətləri yüksək qiymətləndirib və tezliklə İsraildə Azərbaycan səfirliyinin açılacağına ümidvar olduğunu bildirib.

“İnanırıq ki, Azərbaycan hökuməti İsraildə öz səfirliyini açacaq”, – diplomat bildirib. Bu məsələ Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun və Səməd Seyidovun İsrailə səfəri çərçivəsində də müzakirə olunub. 

Çox güman ki, S.Seyidovun missiyasının “məxfiliyi” Bakının qonşu İranı, indi də Türkiyəni qıcıqlandırmaması ilə bağlıdır. İstisna deyil ki, bu yaxınlarda İranın Azərbaycanla sərhəd- keçid qaydalarını sərtləşdirməsi də S.Seyidovun İsrailə səfərinin nəticəsidir

contact.az

Загрузка...