Zəfər Quliyev: “Onun seçkidən qısa zaman sonra ABŞ-a dəvət edilməsi Birləşmiş Ştatların Azərbaycanda demokratiyanın durumu ilə bağlı narahatlığının göstəricisidir”
“Yeni Azərbaycan”: “Cəmil Həsənov Vaşinqtona ianə dalınca gedib”
Birləşmiş Ştatlarda səfərdə olan Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli noyabrın 20-də paytaxt Vaşinqtonda görüşlərini davam etdirib.
Noyabrın 19-da professor C.Həsənli ABŞ Beynəlxalq İnkişaf Agentliyinin – USAID-nin Avropa və Asiya Bürosunun rəhbərinin müavini Aleksandr Peycin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. USAİD-nin Demokratiya və İdarəçilik üzrə rəhbəri Aleksander Sokolovskinin də iştirak etdiyi görüşdə Azərbaycanda demokratiyanın vəziyyəti və perspektivləri, siyasi məhbuslar, seçkilərdən sonra yaranmış vəziyyət və Milli Şuranın gələcəyi müzakirə mövzusu olub. Görüşdə USAID-nin Azərbaycanda fəaliyyəti və ölkədə mətbuatın durumu da müzakirə edilən məsələlər sırasında olub. Xəbəri “Amerikanın Səsi” radiosu yayıb.
Cəmil Həsənli noyabrın 14-dən Birləşmiş Ştatlardadır. O, Vaşinqtona Azərbaycan müxalifətinin lideri kimi dəvət edilib.
Noyabrın 19-da C.Həsənli Boston, Nyu-York və digər şəhərlərdə təhsil alan azərbaycanlı tələbələr, eləcə də bu şəhərlərdəki Azərbaycan icmalarının nümayəndələri ilə də görüş keçirib. Cəmil Həsənli tələbələri və icma nümayəndələrini dinləyib, onların çoxsaylı suallarına cavab verib.
Müxalifət liderinin noyabrın 19-da keçirdiyi sonuncu görüş ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçlə olub. “Amerikanın Səsi”nə açıqlamasında Cəmil Həsənli 2 saatdan artıq davam edən görüş zamanı ABŞ-Azərbaycan münasibətləri, iki ölkə arasında son zamanlar yaşanan olaylarla bağlı maraqlı müzakirələr aparıldığını bildirib. Cənab Həsənli R.Kozlariçə 9 oktyabr seçkiləri haqqında çıxışı zamanı Azərbaycandakı vəziyyəti obyektiv qiymətləndirdiyinə görə təşəkkür edib.
C.Həsənli ABŞ səfəri zamanı Konqresdə Azərbaycanla bağlı dinləmələrdə də iştirak edib, Qafqaz regionu üzrə bir sıra nüfuzlu fondların təmsilçiləri ilə görüşüb. C.Həsənlinin Birləşmiş Ştatlara səfəri noyabrın 23-də başa çatacaq.
C.Həsənlinin müxalifət lideri olaraq Birləşmiş Ştatlara ilk səfəri Bakıda da diqqətlə izlənməkdədir. Hakimiyyətə yaxın mediada gedən yazılardan aydın olur ki, bu səfər iqtidar düşərgəsində ciddi narahatlıq doğurmaqdadır. İqtidaryönlü media səfərin önəmini azaltmaq üçün çeşidli yollar aramaqdadır. Dərc edilən məqalələrdə Cəmil Həsənlinin ABŞ Konqresində, bir sıra demokratiya institutlarında görüşlərinin “turist səfəri” statusuna endirilməsinə cəhdlər edilir. Cəmil Həsənlinin soyadını təhrif edərək “Həsənov” yazan “Yeni Azərbaycan” qəzetinə görə, Azərbaycan müxalifətinin lideri ABŞ-a ianə dalınca gedib. Sitat: “Radikalların nəzarətində olan KİV-lərdə verilən məlumatlarda Cəmil Həsənovun ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələrdə çıxış etdiyi və bir sıra görüşlərə qatıldığı, həmin görüşlərdə ölkəmizdə demokratiyanı durumu, son seçki prosesi, daxili və xarici siyasətimizin gündəmini müzakirəyə çıxardığı bildirilir. Milli Şuranın prezidentliyə keçmiş vahid namizədi Şimali Virciniyalı konqresmen Cim Moranla Azərbaycanda seçkidən sonrakı durumun, o sıradan insan haqları sahəsində problemlərin müzakirəsini apardığı və daha bir neçə belə görüşə qatılacağı qeyd olunur. Əslində isə C.Həsənovun “Amerikada hansısa məmurla, konqresmenlə seçki müzakirələri apardıq” deməsi səmimiyyətdən çox uzaqdır. Çünki Vaşinqton Azərbaycandakı prezident seçkisinə münasibətilə ölkədə baş verənlərə obyektiv qiymət verib. Həqiqət isə odur ki, bu səfər də radikalların xaricdəki məlum dairələrə “ianə turnelərinin” davamıdır”.
Mili Şuranın üzvü Zəfər Quliyev isə düşünür ki, iqtidarın Cəmil Həsənlinin səfərini hədəfə alması qısqanclıq göstəricisidir: “Hökumətə yaxın media, hətta bir qədər də geniş götürsək rəsmi dairələr seçki ərəfəsində də bu cür səfərlərə çox qeyri-ciddi yanaşırdılar. Çox zaman bu səfərlərin önəmini azaltmaq üçün tamamilə məntiqsiz müzakirələr aparılırdı. ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələr keçirilərkən yadınıza gəlirsə, həmin mərasimdə Eldar Namazov, Erkin Qədirli iştirak edirdi. Azərbaycan hökumətinin çox sərt şəkildə tənqid olunduğu həmin dinləmələrdən sonra iqtidar həmin tədbiri mətbuat konfransı səviyyəsinə endirməyə çalışırdılar. Ancaq bu son dərəcə ciddi bir toplantı idi. Bu gün də YAP həmin yanaşmanı təkrar etməyə cəhd göstərir. Cəmil Həsənli ABŞ-a xüsusi dəvətlə çağırılıb, çox önəmli görüşlər keçirib. Bu səfərə qeyri-ciddi don geyindirmək bu edənlərin qeyri-ciddiliyindən xəbər verir. Dünya Azərbaycanda avtoritarizm meyllərinin artmasından narahatdır. Bu, birmənalıdır. ATƏT-in, eləcə də Dövlət Departamentinin 9 oktyabr seçkiləri ilə bağlı hesabatlarında Azərbaycanda demokratiyanın səviyyəsi ilə bağlı dəqiq qiymətləndirmə vardı. Cəmil Həsənlinin seçkidən qısa zaman sonra Vaşinqtona dəvət edilməsi Birləşmiş Ştatların Azərbaycanda demokratiyanın durumu ilə bağlı narahatlığının göstəricisidir. Məndə olan xəbərlərə görə, Cəmil Həsənlinin Vaşinqton səfəri çox uğurla davam edir, nüfuzlu dairələrlə görüşlər davam edir. Düşünürəm ki, bu görüşlər Azərbaycanda demokratiyanın bərqərar olması üçün son dərəcə vacibdir”.
musavat.com