Türkiyənin Baş naziri Rəcəb Tayiip Ərdoğan Şimali İraqın Kürd Muxtariyyətinin lideri Məsud Bərzani ilə görüşüb. Modern.az saytı CNNtürk-ə istinadən xəbər verir ki, Ərdoğanın təklifi ilə reallaşan görüş Türkiyənin kürdlər yaşayan bölgəsində – Diyarbakır şəhərində baş tutub.
Ərdoğanı Diyarbakırda bir çox hökumət nümayəndələri və millət vəkilləri, o cümlədən xanımı Əminə Ərdoğan, Baş nazir müavinləri Bülent Arınç, Bəşir Atalay, Bəkir Bozdağ, xarici işlər naziri Əhməd Davutoğlu da müşayiət edib.
Ərdoğan Diyarbakırdakı təmaslarına şəhər Bələdiyyəsini ziyarətlə başlayıb. Burada onu Bələdiyyə başçısı Osman Baydemir, Türkiyə parlamentinin kürd deputatları Əhməd Türk, Leyla Zana və digərləri qarşılayıb.
“Ümid edirəm bu görüşmənənin nəticəsi sülh və barışa öz qatqısı verəcək” deyə Bələdiyyə başçısı Osman Baydemir görüş sonrası jurnalistlərə bildirib.
Kürd millət vəkili Əhməd Türk isə “Diyarbakır ziyarətinin kürd problemin həllinə istiqamətli bir addım olmasını istəyirik” deyib.
Baş nazir Ərdoğan Bələdiyyəni ziyarətinin ardından Dayarbakır Valiliyinə gedib. Valiliyə gələnlər arasında məşhur kürd əsilli Türkiyə sənətçi İbrahim Tatlısəs də olub.
Ardından İraqın Kürd Muxtariyyətinin lideri Məsud Bərzani də Diyarbakıra gəlib. Onu 37 ildir ki, xaricdə yaşayan yalnız indi Türkiyəyə qayıdan kürd sənətçi Şivan Perver də müşayiət edib.
Nəhayət Diyarbakırdakı “The Green Park Hoteldə” Baş nazir Rəcəb Tayyib Ərdoğan və İraq kürdlərinin lideri Məsud Bərzani bir araya gəliblər.
Görüşə Baş nazir müavini Bəşir Atalay, xarici işlər naziri Əhməd Davutoğlu da qatılıb.
Görüş 1 saat 20 dəqiqə davam edən görüş mətbuata qapalı keçirilib.
“The Green Park Hotel”də reallaşan görüşmənin ardından Ərdoğan və Bərzani eyni oteldə Diyarbakır Valiliyinin verdiyi axşam yeməyinə qatılıblar.
Məsud Bərzaninin də qatıldığı ziyafətdə Ərdoğanın müavinləri Bülent Arınç, Bəşir Atalay, Bəkir Bozdağ, daxili işlər nazri Muammer Gülər, gürd millət vəkilləri də iştirak ediblər.
Ərdoğanla görüşü yüksək qiymətləndirən Şimali İraqın Kürd Muxtariyyətinin lideri Məsud Bərzani deyib ki, “görürəm qardaşlıq və doğru yolu izləyən bir türk lider tapılmışdır”. O, Ərdoğanın “artıq kürd xalqının inkarı geridə qaldı” sözlərini yüksək qiymətləndirib.
“Yeni bir tarix meydana gətirmə zamanı gəlmişdir. Artıq bir-birini qəbul edərək, qardaşca həyata davam zamanıdır. Birlikdə yaşamaqla xalqlarımızı xoşbəxt günlərə apara bilərik. Döyüşlər sınandı. Kimsə döyüşdən bir xeyr görmədi. Bir türk gəncinin qanının bir kürd gəncinin əli ilə ya da bir kürd gəncinin qanının bir türk gəncinin əliylə tökülmə günü bitmişdir”-deyə Bərzani qeyd edib.
“Barışın təməli atılmışdır. Biz hörmətli Rəcəb Tayip Ərdoğana çox təşəkkür edirik” deyən Bərzani Türkiyə Baş nazirinin çox cəsur bir addım atdığını ifadə edib.
Türk və kürdlərdən barışı dəstəkləmələrini istəyən Bərzani “barış yolu nə qədər uzun isə bir saat döyüşməkdən daha yaxşıdır” deyib.
“Hamımız bilirik ki, 15-20 il əvvəl belə gəlib qarşınıza danışmaq qeyri-mümkün idi. Bu da qardaşlığın nəticəsidir. Və inanırıq ki, barış üçün nəticə əldə olunacaq. Nə qədər zaman lazımdırsa, o zamanı verməmiz lazımdır. Hüzurda olduğumuz üçün çox xoşbəxtəm”-deyə kür lider bildirib.
Bərzani çıxışının sonunda türkcə “yaşasın kürd və türklərin qardaşlığı, yaşasın barış, yaşasın azadlıq” deyərək hər kəsə müvəffəqiyyət və xoşbəxtlik arzulayıb.
Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan ilk dəfə olaraq “Kürdüstan” sözünü dilə gətirib. O, Məsud Bərzani ilə görüşün şərəfinə “mən İraq Kürdüstanının lideri Məsud Bərzanini Diyarbəkirdə salamlamaqdan çox məmnunam” deyib.
Qeyd edək ki, buna qədər heç bir Türkiyə rəsmisi bu sözü dilinə gətirməyib, yalnız “regional rəhbərlik”, “kürd muxtariyyətinin rəhbəri” ifadələrindən istifadə olunub.
Ərdoğan kürdlərin, türklərin, ərəblərin yaşadığı Diyarbakırı qardaşlıq şəhəri adlandırıb. Ərdoğanla Bərzaninin görüşü kürdlər tərəfindən son aylar xeyli ləngiyən türk-kürd yaxınlaşmasının növbəti mərhələsinə işarə hesab edilir.