Avropa Birliyinin Vilnüs sammiti ərəfəsində Azərbaycan-Ukrayna müttəfiqliyi gündəmə gəlib; Putinin təzyiqlərinə qarşı ortaq taktika uğur gətirəcəkmi?
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 17-də Ukraynaya gedib. Azərbaycan prezidentinin Ukraynaya rəsmi Vilnüs sammiti ərəfəsi reallaşan bu səfəri ciddi maraq doğurur.
Çünki noyabrın sonlarında Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində Ukrayna Avropa İttifaqı ilə azad ticarət və assosiativ üzvlüklə bağlı razılaşma imzalamağı planlaşdırır. Əgər bu anlaşma imzalansa, bu postsovet respublikaları arasında öz strateji əhəmiyyətinə və geosiyasi mövqeyinə görə ən əhəmiyyətli ölkələrdən biri olan Ukraynanın Rusiyanın təsir dairəsindən qopmaq şansları arta bilər. Yanukoviç hakimiyyətinin imici Rusiyameyilli siyasi qüvvə kimi xarakterizə edilsə də, rəsmi Kiyev son illərdə Ukraynanın Qərbə inteqrasiyası istiqamətində daha israrlı addımlar atmaqla diqqət çəkir. Ukraynanın Avropa Birliyinə assosiativ üzvlüyü Kremlin MDB dövlətlərini Gömrük İttifaqının çətiri altında çəmləşdirərək keçmiş SSRİ-nin yeni modeli olan Avrasiya Birliyinə sürükləmək niyyətlərinə sarsıdıcı zərbə vura bilər. Bu səbəbdən də Kreml Ukraynanı “Avropa cığırı”ndan yayndırmaq üçün Yanukoviç hakimiyyəti üzərində basqı qurmağa çalışır.
Təbii ki, burada Azərbaycanın mövqeyi də kifayət qədər ciddi əhəmiyyət daşıyır. Çünki Azərbaycanın da Gömrük İttifaqına üzvlüyü Rusiya üçün önəmlidir. Və bu səbəbdən Azərbaycan da hazırda Rusiyanın sərt təzyiqləri ilə üzləşməkdədir. Hər halda, rəsmi Bakının Gömrük İttifaqına üzv olmağa həvəsli olmadığı açıq-aşkar nəzərə çarpır. Ona görə də prezident İlham Əliyevin belə önəmli bir siyasi mərhələ ərəfəsində Ukraynaya səfərə getməsi müəyyən mülahizələrə yol açmaqdadır. Ehtimal olunur ki, bu səfər çərçivəsində aparılacaq danışıqlarda qeyri-rəsmi də olsa, Putinin məlum planlarına qarşı ortaq müqavimət məqsədli Əliyev-Yanukoviç müttəfiqliyi yarana bilər. Hər halda, belə bir müttəfiqlik Azərbaycan və Ukraynanın birləşərək Rusiyanın təsir dairəsindən qopmasını ciddi şəkildə asanlaşdırardı.
AXCP sədrinin müavini Razi Nurullayev də hesab edir ki, prezident İlham Əliyevin indiki siyasi mərhələdə Ukraynaya səfər etməsi təsadüfi deyil: “Noyabrın 28-də və 29-da Vilnüsdə Avropa Birliyinin ”Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində zirvə toplantısı keçiriləcək. Azərbaycan prezidenti İlham Əliyevin Kiyevə səfəri də məhz bu toplantı ərəfəsinə təsadüf etdiyindən Ukraynada bu məsələnin müzakirə ediləcəyi gözlənilir. Ukrayna Avropa Birliyi ilə azad ticarət və assosiativ üzlüklə bağlı anlaşma imzalamağa hazırlaşır. Ukrayna bu proqramda iştirak edən yeganə dövlətdir ki, artıq öz mövqeyini birmənalı şəkildə dəqiqləşdirib. Ona görə də Rusiya hazırda Ukraynaya qarşı müxtəlif istiqamətli təzyiqlərini davam etdirir. Bu baxımdan, prezident İlham Əliyevin Kiyevə səfəri çərçivəsində Azərbaycan və Ukraynanın birləşərək Rusiyanın təzyiqlərindən yayınmağın yollarının müzakirə edilə biləcəyi qətiyyən istisna deyil. Yəqin ki, tərəflər arasında həm Gömrük İttifaqı, həm də Avropa Birliyinə assosiativ üzvlüklə bağlı müəyyən məsləhətləşmələr aparılacaq”.
Razi Nurullayevin fikrincə, Ukraynanın Avropa Birliyinə assosiativ üzvlük anlaşmasının imzalanması məsələsində qabağa düşməsi Azərbaycana tamamilə sərf edir: “Azərbaycan hələlik Avropa Birliyi ilə assosiativ üzvlük anlaşması imzalamağa hazırlaşmır. Çünki rəsmi Bakı belə bir anlaşmanın imzalanmasını gündəmə gətirməməklə Avropa Birliyini özünün verəcəyi qərarından asılı vəziyyətdə saxlamağa çalışır. Və eyni zamanda Rusiyanın daha da qıcıqlanmamasına üstünlük verir. Hər halda, Avropa Birliyi ilə assosiativ üzvlük qərarı vermiş Ukrayna ilə müqayisədə Azərbaycan Rusiyanın təzyiqləri qarşısında daha davamsızdır. Xüsusilə də, Rusiyada yaşayan soydaşlarımız üzərindən edilən təzyiqlər daha təsirli xarakter daşıyır. Ona görə də, yəqin ki, rəsmi Bakı Vilnüs toplantısında Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsi barədə müqavilə imzalamaqla kifayətlənəcək”.
Ekspert hesab edir ki, Azərbaycan və Ukrayna arasında Rusiyaya qarşı açıq müttəfiqlik o qədər də real deyil: “Azərbaycanla Ukrayna arasında onsuz da müttəfiqlik münasibətləri mövcuddur. Eyni zamanda, ABŞ və Qərb də Azərbaycanın Ukrayna ilə birlikdə hərəkət etməsində maraqlı olduğunu gizlətmir. Qərbin tövsiyələri ilə yaradılmış GUAM çərçivəsində belə bir ortaq fəaliyyətin əsasları artıq çoxdan qoyulub. Ancaq prezident İlham Əliyevin bu səfəri çərçivəsində Rusiyaya qarşı Azərbaycan-Ukrayna birliyinin qurulması barədə açıq mesajların verilməsi Kremli bərk qəzəbləndirərdi. Ona görə də, tərəflər arasında hansısa ortaq fəaliyyət niyyətləri olsa belə, bunu qətiyyən açıq şəkildə büruzə verməzlər. Bununla belə, Azərbaycanın bəzi məsələlərdə Ukrayna ilə ortaq fəaliyyət barədə qeyri-rəsmi anlaşma əldə edə biləcəyi də qətiyyən istisna deyil”.