2014-cü ilin dövlət büdcəsində yaşayış minimumu artırılaraq 125 manata çatdırılacaq.

Ötən il bu rəqəm 116 manat idi. Amma artıma baxmayaraq yenə də bu göstərici mübahisə mövzusuna çevrilib.

Məsələ burasındadır ki, yaşayış minimumu istehlak səbəti əsasında tənzimlənir. Bu səbətə isə bəzi ərzaq, qeyri-ərzaq məhsulları və bir sıra xidmətlər daxildir. İstehlak səbətinə il ərzində minimum miqdarda istifadə edilən çörək və çörək məhsulları, kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə, ət, süd, balıq, yumurta, şəkər, bitki və heyvan mənşəli yağlar və digər məhsullar daxil edilir.

İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertlərinin bazar qiymətləri əsasında apardığı hesablamalara görə, təkcə ərzaq məhsullarının qiyməti əhalinin əmək qabiliyyətli hissəsi üçün 106 manat 97 qəpik, pensiyaçılar üçün 94 manat 21 qəpik, uşaqlar üçün isə 116 manat 15 qəpik təşkil edir.

Nəzər alsaq ki, istehlak səbətinə qeyri-ərzaq məhsulları və xidmətlər də daxildir, o zaman ümumi məbləğ əhalinin əmək qabiliyyətli hissəsi üçün 172 manat 48 qəpik, pensiyaçılar üçün 154 manat 64 qəpik, uşaqlar üçün isə daha çox 209 manat 94 qəpik olur.

Bu isə müəyyən edilmiş yaşayış minimumundan çoxdur. Üstəlik bu ərzaqların qiymətləri minimum rəqəmlə hesablanıb. Ekpsertlər bu fərqin yaranma səbəbini normaların düzgün müəyyən edilməməsində görür. İqtisadçı ekspert Qalib Toğrulun sözlərinə görə, bu daha çox milli xüsusiyyətləri nəzərə alaraq müəyyənləşdirilməlidir. “Çörək, un məhsulları çox olmalı və digər göstəricilər Avropa standartlarına uyğunlaşdırılmalıdır”.

Millət vəkili Fazil Mustafa da ölkədə minimum yaşayış həddi üçün müəyyənləşdirilən məbləğin aşağı olduğu qənaətindədir. “Evlərdə çox sayda əlil saxlayan insanlar var, onların xərcləri nəzərdə tutulmur. Həkim xərcləri, dərman xərcləri düşünülmür. Bunu ancaq normal vətəndaşı düşünməklə sosial siyasət yürüdüb bu fərqi aradan qaldırmaq olar”. Azərbaycanda istehlak səbətinə daxil olan yaşayış tələbatı üzrə normalar sonuncu dəfə 2009-cu ildə müəyyənləşdirilib.

Halbuki qanuna görə, istehlak səbətinin tərkibinə ən geci 3 ildən bir baxılmalıdır. Bir sıra Avropa ölkələrində isə istehlak səbəti üzrə normaları hətta ildə bir neçə dəfə müəyyənləşdirilir.

 

 

http://youtu.be/ONCbBh3Z6Wo

loading...