Загрузка...

Deniel Ber: “Azərbaycan və Ermənistan prezidentlərinin münaqişənin həlli istiqamətində növbəti addımları müzakirə etmək niyyətlərini alqışlayırıq”

Siyasət  Azərbaycan və Ermənistan prezidentləri arasında görüş Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni stimul verə bilər. Bunu ABŞ-ın ATƏT-dəki nümayəndəsi Deniel Ber ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında bildirib.

“Biz Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşmək və münaqişənin həlli istiqamətində növbəti addımları müzakirə etmək niyyətlərini alqışlayırıq” – deyən D.Ber qeyd edib ki, indi sözdən əmələ keçmək vaxtıdır: “ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həllinə nail olmaq üçün münaqişə tərəfləri ilə işləməyə sadiq qalmaqda davam edir”.

Onun sözlərinə görə, ABŞ həmsədrlərin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin fəaliyyətini dəstəkləyir və onların münaqişə tərəfləri ilə davamlı fəaliyyətini qiymətləndirir: “Münaqişənin sülh və danışıqlar yolu ilə həllinə başqa alternativ yoxdur”.