Proses davam edir və bu rəqəmin xeyli artacağı gözlənilir
Xəbər verildiyi kimi, bu gün saat 13-də “Yeni Müsavat” qəzetinin redaksiyasında qəzetə abunə yazılışı marafonu start götürəcək. Qəzet rəhbərliyindən musavat.com-a verilən məlumata görə, marafonun başlanmasına bir neçə saat qalsa da, artıq 800 nəfərə yaxın oxucu marafona qoşulub.
Onların sırasında redaksiyaya abunə yazılışı üçün lazım olan pul vəsaitini təqdim edərək, qəzetin məsləhət bildiyi oxucuları abunə etməyi redaksiyanın öhdəsinə buraxanlar da var.
Xarici ölkələrdə yaşayan bir sıra daimi oxucular da qəzetin elektron ünvanına məktub göndərərək, ölkədə yaşayan qohumlarını “Yeni Müsavat”a abunə yazdırmaq istədiklərini bildiriblər.
Bundan başqa, bu gün saat 13-də başlayacaq abunə marafonuna xeyli oxucunun və tanınmış adamların qoşulacağı da gözlənilir.
Xatırladaq ki, “Yeni Müsavat”ın ilin sonunda atmağa məcbur qaldığı bu addım seçkidən sonra metro stansiyalarında qəzetin satışına qoyulan qadağa ilə bağlıdır. Bu səbəbdən qəzetin hər gün xeyli vəsait itirir və öz fəaliyyətini davam etdirmək üçün çətinlik çəkir. Vəziyyətdən çıxış yolu olaraq qəzetin oxuculara alternativ yollarla, abunə yazılışı vasitəsilə çatdırılması nəzərdə tutulub.