Kim nə deyir, desin, “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqovun yaxşı qələmi var.
Əslində indiki yazarlar və oxucular “yaxşı qələmi var” ifadəsini düzgün anlamırlar, qayıdıb adama deyirlər: “İndi qələmlə yazan var, bəyəm?”
Ola bilər, Bəxtiyar müəllim də bir çox həmyaşıd həmkarları kimi qələmi atıb, klaviaturayla işləyir, bilmirəm, söhbət ondan gedir ki, həmkarımızın yaxşı təbi, tənqidçi ruhu var.
Əminliklə deyirəm, əgər bir gün Bəxtiyar müəllimin mandatını əlindən alsalar və “Azərbaycan” qəzetinin baş redaktorluğundan çıxarsalar (əslində bu hadisələr olacaqsa, bir-birilə ard-arda olacaq), o zaman o, sərbəst şəkildə müxalifət qəzetlərinin birində tənqidi köşələrlə çıxış edə bilər.
Hətta kim bilir, bəlkə o vaxta qədər qəzetimizi bağlamasalar, biz Bəxtiyar müəllimlə eyni kollektivdə çalışa bilərik. Necə ki, bir zamanlar “Xalq qəzeti”nin baş redaktoru olan Mahal İsmayıloğlu ilə birlikdə çalışırıq və bir-birimizə hörmət-ehtiramla “mirzə” deyirik. (Hərçənd o da yadıma düşür ki, Mahal bəy baş redaktor olanda onun qəzeti mənə “müxalifətin mirzəsi” adı qoymuşdu, biz də onun işçilərinə “iqtidarın mirzəsi” deyirdik, yəqin ki, bu “mirzə” söhbəti ordan gəlir).
Xüləs, bu səbəbdən mən Bəxtiyar mirzənin yaradıcılığını bəyənə-bəyənə izləməkdəyəm. Həmkarımız vaxtaşırı maraqlı tənqidi məqalələr yazır və öz qəzetində çap etdirir. Saytlar o yazıları “kopi-past” yoluyla tirajlayırlar. Ona görə ki, bunlar tirajlı yazılardır.
Düzdür, cənab deputatın tənqidi məqalələri çox vaxt nisbətən balaca məmurların tənqidinə, onların dövlətin, hakimiyyətin adına xələl gətirən əməllərinə dair olur, ancaq müəllimdən bundan artığını gözləmək olmaz – arada mandat və vəzifə faktorları var.
Bəxtiyar müəllimin son yazısı da xoşuma gəlib. İndi ondan sitatlar gətirəcəyəm. Baş redaktor telekanalları yıxıb-sürümək şakərinə sadiq qalaraq yazır: “Bir-birinə bənzəyən şou proqramları, saxta süjet və göz yaşları əsasında qurulan verilişlər, əttökən və primitiv qalmaqallar tamaşaçını bezdirərək iyrəndirib”.
Səhv yazır? Xeyr, düppədüzdür. Bəxtiyar mirzə davam edir: “Harada “ən pis ana”, “ən xəyanətkar ər”, “ən nankor övlad”, “ən yaramaz bacı və qardaş”, “ən tərbiyəsiz və mənəviyyatsız azərbaycanlı” varsa, tapıb gətirirlər studiyaya. Kim hansı biabırçılığı edibsə, söylədirlər, doğmaları bir-birlərinə qarşı qoyurlar, dalaşdırırlar, qarşılıqlı formada ifşa etdirirlər!”
Vaxtilə bir neçə dəfə biz də bu barədə yazmışıq, amma görünür, ucuz “ağlamalı verilişlər” istehsal edərək millətin mazoxist ruhlu kəsiminin zövqünü oxşayan, şən hissəsinin zəhləsini tökən televizyonçular dərs götürməyib.
Bəxtiyar müəllimin yazısında ən xoşuma gələn yer isə bu abzasdır: “Vay o gündən ki, adı və soyadı hansısa tanınmış insanla eynilik təşkil edən başqa bir adam avtomobil qəzasında həlak ola, yaxud hansısa, xoşagəlməz halla üzləşə. Dərhal ad və soyadı sərlövhəyə çıxarıb bəd xəbərə çevirməklə çaşdırıcı sensasiya yaratmağa çalışırlar”.
Doğrudur, bu, təkcə telekanalların yox, elə bir sıra saytların da sevimli “sensasiya sobası”dır, eyzən bu sayaq “şok xəbər” bişirirlər.
Məsələn, elə bu günlərdə saytlardan biri Moskvada döyülmüş 14 yaşlı oğlanın anası Ağgün Kazımovanın adını bilə-bilə “Aygün Kazımova” yazmışdı ki, camaatın ağlı məşhur müğənniyə getsin və düşünsünlər ki, booy, bunun Moskvada oğlu da varmış və xəbəri açıb oxusunlar. Xəlayiq elə də etmişdi və hamı bu xəbərdəki qadının müğənni Aygün Kazımova olmadığını bilib pərt olmuşdu. Özünə söyüş qoyanlar da vardı ki, bir də o saytı açıb oxumayacaq.
Yaxud, elə dünən əməkdaşımız bir saytda başlığında “şok” sözü olan 20 xəbəri ard-arda saydı. Sayt başdan ayağa “şok”lardan ibarət idi, hər şey şokdur: “Filankəs qəzaya düşüb, əli əzilib – şok”, “Baldız yeznəsini bıçaqlayıb – şok”, “Müğənni maşınını vurub – şok” və sair və ilaxır.
Bax, Bəxtiyar müəllim bu cür jurnalistikanı tənqid edir, yazır ki, nə qədər bəd xəbər yazmaq, qaraxəbər olmaq olar.
Bəs ölkədə bu qədər pis, qara, bəd, şok xəbərin olmasının günahı kimdədir? Əsl sual budur