Yüksək mənsəbli məmurlar ömürlərinin kresloda keçən hissəsini başa vurduqdan sonra həmişə məchul bir qorxudan asılı vəziyyətdə yaşayırlar. Əslində elə vəzifədə olduqları dönəmdə də simalarındakı sərtlik, davranışlarındakı təkəbbürlər bu qorxunu ört-basdır etmək üçündür.
Modern.az saytı “atdan enəndən sonra piyada olmağı özünə ar bilən” vəzifə sahiblərinin ovqatı barədə bu insanları mütəmadi olaraq izləyən mütəxəssislərin fikirlərini sizlərə çatıdırır.
Psixoloq Dəyanət Rzayev Qərb mühitindəki səlahiyyətli şəxslə Azərbaycandakı səlahiyyətli şəxsin vəzifədən qopduqdan sonrakı psixoloji durumunun fərqini izah edərkən bildirir ki, əslində bu cür insanlar vəzifədən gedəndən sonra özlərini aşağılanmış hesab etmirlər. Sadəcə müəyyən səbəblərə görə qorxurlar.
“Almaniyada son aylarda baş verən bir məsələyə diqqət edək. Oranın təhsil naziri baş nazir Angela Merkelin yaxın rəfiqəsi idi. Orda bir qalmaqal yaşandı. Deyilirdi ki, guya təhsil naziri dissertasiya müdafiə edərkən plagiatlıq edib. Xanım nazir bunu inkar idi. Bildirdi ki, o heç bir plagiatlıq etməyib, bunu məhkəmə yolu ilə sübut da edə bilər. Amma məhkəmə prosesi zamanı nazirliyin adına xələl gəlməməsi üçün özü könüllü olaraq istefaya getdi.
Azərbaycanda isə çox fərqli bir situasiyadır. Bu gün məmurlar öz vəzifələrinin girovu olurlar. Hər hansı adamı vəzifəyə qoyurlar, sonra o ordan getmək istəsə belə, onu vəzifədən kənarlaşdırmırlar. Vəzifə girovu olmağın da çox müəmmalı məsələləri var. Orda bəzi qara işlər, gizli faktlar var ki, məmur da bu səbəbdən vəzifəsini itirməkdən qorxur, yəni qorxu içində yaşayırlar. Çünki hər zaman o tipli insanların həbsə alınma ehtimalları var”.
Jurnalist Zamin Hacı da elə bu mətləbə toxundu: “Avropada insanlar vəzifəyə gələndə ədalətli yolla gəlirlər. Əslində Avropada dövlət qulluğu pullu və prestijli iş sayılmır. Camaat özəl sektora daha çox diqqət yetirir. Amma Azərbaycanda bir topa insan hakimiyyəti tutub və ona görə də başa düşürlər ki, ordan qopsalar, ac qalacaqlar. Onlar bilirlər ki, kreslodan gedəndən sonra onları nə gözləyir. Çoxlarının yaxın ətrafı vəzifədən uzaqlaşdırılır, obyektləri əllərindən alınır və s…“.