Platonovun “ Kotlovan ” əsərini çevirirəm. Bu, “Qanun” nəşriyyatının sifarişi ilə çevirdiyim dördüncü kitabdır.
Dünyada kitabla uğraşmaqdan ciddi iş yoxdu. Bizə görə belədi, eləsi var, kitabla uğraşanla uğraşır. Onun üçün də yəqin ən ciddi iş odu.
Onlar heç vaxt anlamazlar ki, bir ay evə qapanıb Platonovla, Oşoyla qol-boyun olmaq nə deməkdi.
Azərbaycanda kitaba münasibət, kitab satışı nə yerdədi hamı bilir. Bir gün “Qanun nəşrlər evi”nin rəhbəri Şahbaz Xuduğolunu şəhərdə külliyatın içində, balaca dostları – komandasıyla birgə kitab satan gördüm. Yüz il desəydilər inanmazdım ki, ölkəmdə bu cür mənzərəylə qarşılaşacam. Biz Azərbaycanın harasında bu qədər yaraşıqlı bir kişinin kitab satdığını görmüşük? Qürur duydum…
O qədər ədəbazıq ki, hətta yazıçılar özləri belə öz kitablarını qışın soyuğunda, yayın istisində, deyək lap elə ən yaxşı havada küçədə dayanıb satmağa utanarlar. İngiltərədən fanklubun bir neçə qadın üzvü gəlmişdi. Şair qadınlar dedilər ki, biz şeirlərimizi insanlara oxutdurmaq üçün küçədə divarlara yazırıq…
Təkcə ədəbazlıq da deyil, bizim yazarlar həvəssizdi bu işlərdə. Şəhərdə heç elə divar da yoxdu gedib şeirini yazasan. İkincisi də kitab satılmayan yerdə yazanlar ruhdan düşür. Kitaba qoyulan ƏDV ni qaldırmaq əvəzinə, hamını maraq bürüyüb, görən, orda nə yedilər mənə çatmadı.
Neçə ildir “Qanun” işləyir və dünyanın ən maraqlı kitablarını tərcümə edib Azərbaycan mədəniyyətinə, oxucusuna təqdim edir. Qanun nəşriyyatına yoxlama gəlib. Özbaşınalığa, yeyintiyə bu qədər güzəştlər olunan bir yerdə kitabla uğraşan bir qurumu gəlib yoxlamaq çox ayıb bir şeydi. Bu, dövlət idarəsi deyil, ərzaq istehsalatı deyil, kolbasa sexi deyil gedib yoxlayasan görüm xalqa və dövlətə nə badalaq gəlir.
Adamlar kitab buraxırlar. Yabancı yazarın, filosofun, alimin varisini tapıb onunla saziş bağlayırlar, icazəsini alıb, əsərini tərcümə edib satışa çıxarırlar. Sən “Qanun”da nə qanunsuzluq arayırsan?
“Qanun” hazırda nə qədər ziyalının, yazıçının, tərücməçinin, redaktor, korrektor və ümumiyyətlə işsiz istedadın çörək ağacıdı. Nə səbəb olursa-olsun, belə bir quruma əl uzatmaq ayıbdan başqa bir şey deyil…
Hə, olur ki, qonorarımız gecikir, qoyduğumuz zəhmətin pulunu qəpik-qəpik yığırıq.
Küçədə kitab satırıq, yoldan keçənləri tutub onlara kitabın hikməti barədə danışırıq. Olur ki, kitabı maya dəyərindən ucuz dağıdırıq.
Ancaq bunun kimə nə dəxli? Bu bizim mətbəxdi, bizim sahədi və bizim başımızın və vicdanımızın bacardığıdı. Siz də o dəyərli başınızı balışa rahat qoyun, burda milyonlar – zad yoxdu. Ən gözəli olar düşünəsiz ki, niyə büdcəyə intellektdən gəlir gəlmir.
Biz də düşünürük…düşünürük ki, niyə bu xalqı maarriflənməyə qoymurlar?..
Bir vaxt ölkəyə mədəniyyət rus dilində gəlib-gedirdi. Və rus dilini bilməyən toplum ədəbiyyatı, musiqisi, kinosu rusca olan vətənində “çuşka” adlanırdı. Neçə ildi bu ölkədə doğma dildə dünya ədəbiyyatı çap olunur. Prezidentin sərəncamıyla da gerçəkləşir, özəl nəşriyyatların özəl çabasıyla da. Dünyanın nəhəng yazarlarını azərbaycanlı ana dilində oxuyur. Və getdikcə işin keyfiyyəti artır. Yoluna, qaydasına düşür. Bunu alqışlamaq yerinə sonuncu nəfəsini yaşayan rusdilli zümrə türkcəmizi öyrənməkdənsə bilmədiyi dildə çap olunan kitabları tənqid edir. Dünyanın bütün absurdları bizim məmləkətdə məsuliyyətsizcə ömür sürməkdədi
Ölkədə həyat o qədər qaranlıqdı ki, adam başını çölə çıxarmaq istəmir. Evində oturub kitabını tərcümə edirsən. Birdən kimsə gəlib məsələn, eyvanının dəmir barmaqlığını söküb evini açıqda qoyub gedir ki, bir gün kefimiz duracaq, gəlib balaca artırmanızı da sökəcəyik. Mat-məəttəl səhərə qədər yatmayıb evinin keşiyini çəkirsən. Sonra gözünü döyə-döyə bu inanlmazlıqdan qopmağa çalışırsan, özünü tamamən işinə qapdırırsan ki, ən azı başın xarab olmasın. Bu səfər də xəbər yayılır ki, tərcümələriylə məşğul olduğun nəşriyyata təzyiqlər var. Neçə vaxtdı yazmıram, gerçəkdən sözüm tükənib. Mən bilmirəm, bəlkə bizim qanmadığmız nələrsə var. Bəlkə quruculuq fəlsəfəsinin dərinliklərində dağıdıcılıq durur. Ancaq bir şey bəllidi ki, gah evimizi sökürlər, gah işimizi. Və biz bilmirik başımıza haranın külün tökək bu ölkədə.
Platonovun “kotlovan”ı (çuxur, xəndək) çox ağır əsərdi. İnsanlara öz əlləriylə özləri üçün qazdırılan xəndəkdən danışır.
Tezliklə “Qanun”da!
musavat.com