Загрузка...

vahid qazi kose 1

 

Şəhərin mərkəzi küçəsindəki reklam lövhəsində “Müharibə küləkləri” adlı musiqili gecənin proqramında oxuduğum ad uşaqlıq şakərimi yadıma saldı. Baltik dənizindən əsən yüngül külək bir yanını qoparıb əsdirsə də, afişadakı adı neçə ad içində gözüm bir anda aldı – gecədə Avropanın klassik bəstəkarlarıyla yanaşı Aram Xaçaturyanın da musiqisi çalınacaqdı.

Uşaq vaxtı televizorda baxdığım sovet film və proqramlarını titrdəki son ada qədər izləməyə adət eləmişdim. Milli təəssübün təzə-təzə cücərdiyi o yeniyetməlik çağlarımda gözüm azərbaycanlı adı axtarardı. Hərdən soyadımıza oxşayan birini tapanda da bizdən, ya başqa müsəlman xalqlarından olduğunu ayırd edə bilmirdim. Amma demək olar, hər verilişdə erməni, gürcü adına rast gəlirdim, ən azı filmlərin musiqisini çalan orkestrin dirijoru erməni olurdu.

Bir dəfə “Nikkolo Paqanini” filminin titrlərində baş rolun ifaçısı Vladimir Msryanın adını oxuyanda atama demişdim: “Ermənilər hər yandadılar, çoxdular?!” O isə belə cavab vermişdi: “Çox deyillər. Gözüaçıq, zirəkdilər. Bir-birinə əl tutandılar. Ona görə hər yerdə gözə görünürlər”.

Sonralar hər dəfə müxtəlif yerlərdə erməni adıyla rastlaşanda – Nyu-Yorkun 58-ci küçəsindəki yaraşığı ayaq saxladan nəhəng bir binanın (memarlıq nümunəsinin) bütöv mərtəbəsini tutan restoranın qapısı başında “Petrossian” adını oxumaqdan tutmuş İsveçin 800 nəfər əhalisi olan balaca Burserid kəndinin kitabxanasının girəcəyindəki reklam rəfində bestseller nəşrlər arasında “Osmanlı imperiyasında erməni soyqırımı” kitabını görməyimə qədər – atamla həmin söhbəti xatırlayırdım.

Yavaş-yavaş belə “görüş”lərə öyrəşməyimdəndi yəqin, daha təəccüblənmirəm.

Elə Xaçaturyanın uzaq 1940-cı illərdə çəkilmiş “Stalinqrad döyüşü” adlı sovet filminə bəstələdiyi süitanın balaca bir şəhər orkestrinin repertuarına salınması da mənə təəccüblü gəlmədi.

Sözümün canı odu ki, biz hələ də elə bilirik təkcə Qarabağda uduzmuşuq və bu məğlubiyyətdə günahkar Rusiyadı, İrandı, Amerikadı, xristian dünyasıdı, masonlardı – kimi desən odu, bircə özümüz deyilik. Bizə qalsa, uduzmazdıq, özü də kimə-kimə, erməniyə!

Gündəlik həyatda bizdən heç fərqlənməyən tanıdığımız erməninin o biri üzündəki tanımadığımız ermənidən xəbərsiz idik.

Bilmirdik ki, tək Qarabağda “miatsumçular”a deyil, hərbdə marşal Baqramyana, Babacanyana, siyasətdə Mikoyana, dissidentlikdə Paruyr Ayrikyana, hüquq müdafiəsində Əlixanyan-Bonnerə, klassik musiqidə Aram Xaçaturyana, müasir musiqidə Mişel Leqrana, skripkada Samvel Yerbinyana, balabanda Civan Qasparyana, udda Con Bərbəryana, estradada Şarl Aznavura, ədəbiyyatda Vilyam Saroyana, rəssamlıqda Ayvazovskiyə, kinoda Paracanova, aktyorluqda Cigərxanyana, modelçilikdə Kim Qardaşyana, sərvət toplamaqda Kirk Kerkonyana, xeyriyyəçilikdə Cerard Qafesçiyana, konstruksiya sahəsində Atryom Mikoyana, astrofizikada Ambarsumyana, canım sənə desin, dəlləkilikdə Musesə, pinəçilikdə Aşota, şoraba qoymaqda Haykanuşa uduzmuşuq.

Bunun da səbəbini ermənilərin saxtakarlığında, yaltaqlığında, tülkülüyündə, xristianlığında, kilsəsində, Rusiyanın, İranın, Amerikanın işinə yaramağında, xəyanətində – harda desən görərik, təkcə özümüzdən savayı.

Adını çəkdiyim (və çəkmədiyim, heç mövcudluğundan xəbərim belə olmayanları demirəm) bu şəxslərin hər biri ona görə uğur qazanıb özünü və xalqını dünyaya tanıda və sevdirə bildilər ki, arxalarında toplumun dəstəyini, kürəklərində neçə erməni əlini duydular. Özləri də yıxılanın əlinə əl, qalxanın ayağına çiyin uzatdılar.

Elmdə, siyasətdə, incəsənətdə, idmanda, hərbdə – hər yerdə birinin uğuruna beşi yol açdı. Qabağa keçənə ağız büzmədilər, şəbədə qoşmadılar, ayağından tutub dartmadılar, şərləmədilər, donos yazmadılar, yolu ağzında quyu qazmadılar…

Nə isə!.. Palan içi tökməyə ehtiyac yoxdu. Özü də astarı üzünə yüz ildi çevrilmiş palanı.

Bunu da elə-belə, uşaqlıq vərdişim başımdadı deyə yazdım. Yoxsa ilin-günün bu vaxtında Xaçaturyanın döyüş süitasını dinləməyə həvəs nə gəzirdi.