Dünən söz verdiyim kimi, dövlət rəhbərimiz İlham Əliyevin struktur və kadr islahatlarının təhlilini davam etdirirəm. İlk növbədə Nazirlər Kabinetinin yeni tərkibi bizdə fövqəladə duyğular oyadır. Məsələn, İsveçdə bəlkə üst-üstə qoysan heç 8 nazirlik yoxdur, ancaq bizdə 88 nazirlik var imiş. Uşaq Pampersi Nazirliyindən (UPN) tutmuş, Eşşək Anqıranda Səsin Tənzimlənməsi və Çaqqalların Meşəyə Nəqli Nazirliyinə (EASTÇMNN) qədər. Vətəndaşlarımızın çoxu bunları bilmirdilər. Cənab prezident – Kürdəxanının qorxusundan belə yazıram, neyləyək – əgər o idarələrə rəhbər qoymasaydı heç bilməyəcəkdik. Prezident seçkilərinin bu baxımdan da önəmi böyükdür. Xalq öz idarələrini tanıyır, hansı corabı hansı deşikdə çıxartdığını, ayaqqabını hansı tulanın kolluğa apardığını, gilasın səbətin harasından töküldüyünü öyrənir.
Misal üçün, indi bir idarə adı yazacağam: Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi. Qısa yazsaq AQUPDK. Bulqakov demişkən, “Abırvalq”. Prezidentin sərəncamı ilə bu komitənin keçmiş sədri Hicran Kamran qızı Hüseynova təzədən sədr qoyulubdur. İndi bir ailə göstərin ki, bu komitə onun problemlərini həll eləyibdir. O cümlədən, hansı uşağa desən ki, sənin problemlərin üzrə dövlət komitəsi var, qorşok yerinə ayaqqabıya “çiş” eləyər. Bəs o zaman bu komitə nəyə görə yaradılıb? Kamran Hüseynovun xatirəsini yaşatmaq üçün ayrıca komitə olmalı idi?
Bir ayrı komitəyə baxaq. Bayaqkı AQUPDK-yə baxanda bu ümumiyyətlə lətifədir: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi! Oxucular üzürlü saysın, ancaq bunun qısa adını yazmayaq. Məsləhət deyil – pis səslənir. Elə komitənin faydalı iş əmsalı da abbreviaturası qədər ola, ya olmaya. Hansı icra başçısı, hansı məmur harda kefi istəyirsə sökür, tökür, Hacıbala demişkən, “sökə-sökə sevir, sevə-sevə sökür” – belə ölkədə hansı şəhərsalmadan və arxitekturadan danışırlar? Əcaib bir şeydir. Keşlənin adını Monmartr Bulvarı qoysalar bundan abırlı çıxardı.
Əgər iş belədirsə, Azərbaycanda QWERTY, ASDFGH, ZXCVB adlarıyla da dövlət komitələri, nazirliklər yaratmaq olar. Bunların açmasını heç bildirmərik, qoy ermənilər yanıb tökülsün, elə bilsinlər burda nəsə fırıldaq qayırırıq, gəlib onların anasını ağlar qoyacağıq.
Ermənilərdən söz düşmüşkən, müdafiə naziri Səfər bəyin yerinə daxili qoşunlardan Zakir bəyin gətirilməsi də diqqət mərkəzindədir. Ekspertlər deyir bunun sayəsində ordumuzda inkişaf olacaq. Guya Zakir bəy daxili qoşunlarda böyük qayda-qanun qayırıbmış.
Tam yanlış ümidlərdir. Ali baş komandan dəyişməyibsə, aşağı komandanlar heç nə edə bilməz. İkincisi, daxili qoşunların heyəti ilə Müdafiə Nazirliyinə tabe silahlı qüvvələri müqayisə eləmək Biləcəri ilə Şanxayı müqayisə eləmək kimi bir şeydir – say baxımından böyük fərq var. Üçüncüsü, yapokratiya daxili qoşunları əziz balası kimi saxlayır, hər cür təchiz edir, çünki hakimiyyəti qorumaq, xalqa qarşı zor tətbiq eləmək üçün DQ lazımdır. Yəni o cür təchizatı olan, heyətdə böyük çoxluğu müqaviləli xidmət keçən başkəsənlər olan bir ordu ilə uzun cəbhə xəttində zülm çəkən kasıb və yetim balalarının ordusunu müqayisə eləmək düz deyil. Özünüz də görəcəksiniz. Necə ki, Mika müəllimin təcrübəsində gördünüz. Misir Mərdanovun vaxtında müəllimlər bülleteni heç olmazsa yarıgizlin şəkildə qutuya basırdılar, repetitorluğu evdə edirdilər. İndi qutunu aşkar doldurdular, kursları da məktəbdə açıblar.
Sonda bir anekdotu da yazaq: baş nazir Artur Rasizadənin 6 müavini var imiş. Yəqin onlar baş naziri çiyinlərində belə daha rahat daşıyırlar – üçü bir yandan, üçü o biri yandan…