Neft hasilatının azalması hakimiyyəti rəsmən silkələdi: 2014-cü il üçün büdcə gəlirləri 1 milyard dollar, Neft Fondundan transfertlər 2, fondun özünün investisiya xərcləri isə 4 milyard azaldıldı, qeyri-neft sektorunun vergi yükü isə 1 milyard manat artırıldı; hökumət neftin baza qiymətini artırmaqla böhrandan çıxmaq istəyir
Məlum olduğu kimi, dövlət başçısı dövlət büdcəsinin layihəsini parlamentə təqdim edib. 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 4 faiz azalacaq. Ehtimal ki, gələn il hökumət büdcə işçilərinin maaşını və pensiyanın həcmini artırmayacaq.
2014-cü ildə hökumət dövlət büdcəsinin gəlirlərini 18 milyard 384 milyon manat proqnozlaşdırır. Bu, 2013-cü ilin büdcə gəlirləri ilə müqayisədə 775 milyon manat (1 milyard dollara yaxın) azdır. Dövlət büdcəsinin xərcləri 20 milyard 063 milyon manat planlaşdırılıb. 2013-cü illə müqayisədə xərclər 2014-cü ildə 213 milyon manat və ya 1,1 faiz artacaq – bu il büdcə xərcləri 19 milyard 850 milyon manat olub.
2014-cü ildə dövlət büdcəsinin kəsiri bu illə müqayisədə 1 milyard manat artaraq 1 milyard 679 milyon manat olacaq. 2014-cü ildə Neft Fondundan büdcəyə transfertlər bu il ilə müqayisədə 2 milyard manat (17,7 faiz) azalacaq və 9 milyard 337 milyon manat təşkil edəcək. Maraqlıdır ki, qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərində 15,9 faizlik artım proqnozlaşdırılır (1 milyard 238 milyon manat). 2014-cü ildə qeyri-neft sektorunun payı 6 milyard 245 milyon manat olacaq. Bu, 2013-cü ilin göstəricisindən 1 milyard 76 milyon manat və ya 20,8 faiz çoxdur.
Beləliklə, 1991-ci ildən üzübəri, yəni müstəqillik dövründə ilk dəfə olaraq Azərbaycanda növbəti il üçün büdcə gəlirləri azalacaq. Bu da tam gözlənilən idi. Çünki neft gəlirlərinin kəskin azalmasının təsiri hansısa formada özünü göstərməli idi.
“Reuters” agentliyinin məlumatına görə, bp şirkəti 2013-cü ilin ilk yarısında Azəri-Çıraq-Günəşli yatağından hasilatın 2,4 faiz aşağı düşdüyünü elan edib. Şirkət yanvar ayından iyunadək hasilatın 400 min ton aşağı düşərək 16,4 milyon ton təşkil etdiyini bildirib. ARDNŞ-in özünün hasil etdiyi neftin həcmi də ötən illə müqayisədə 1 faiz azalıb. Bu isə həm büdcə gəlirlərinin, həm də bütövlükdə ölkə iqtisadiyyatının xam neft satışından asılı olan ölkə üçün böhranın başlanğıcı deməkdir. İndi hakimiyyət “analoqu olmayan inkişaf erasının” bitdiyini rəsmən elan etməli, ictimaiyyəti daha pessimist situasiyalara hazırlamalıdır. Neft gəlirləri nəinki bundan sonra heç vaxt artmayacaq, əksinə, daha da azalacaq. Bu o deməkdir, hökumət ən yaxşı halda yaxın 3 il ərzində Neft Fondunun gəlirləri hesabına büdcənin tarazlığını qoruya biləcək. Sonrakı mərhələdə isə hökumət büdcə gəlirlərini kəskin azaltmağa məcbur olacaq. Çünki büdcənin 60 faizi Neft Fondundan transfertlər hesabına gerçəkləşir. Transfertlərin kəsilməsi isə büdcə gəlirlərinin ən azı yarıbayarı azaldılması deməkdir. Elə buna görə də hökumət axırda Neft Fondunun vəsaitlərini bir az qənaətlə xərcləməyə məcbur olub. Dövlət büdcəsinə transfertlər 2 milyard azaldılıb, ardınca isə ARDNF-in investisiya xərcləri də kəskin ixtisar edilib. Bu il Neft Fondunun investisiya xərcləri 6 milyard 915 milyon manat olduğu halda, gələn il bu göstərici cəmi 1 milyard 921 milyon manat olacaq. Yəni ARDNF-in investisiya xərcləri 72 faiz azaldılıb.
Məsələnin başqa təhlükəli məqamı budur ki, büdcə zərfində neftinin 1 barelinin baza qiyməti 100 dollardan hesablanıb. 2013-cü ilin dövlət büdcəsində neftin 1 barelinin baza qiyməti 80 dollardan hesablanmışdı. Bu isə neft hasilatının azalması fonunda büdcə gəlirlərinin azalmasının qarşısının almağa hesablanıb. Yəni hökumət neftin baza qiymətini artırmaqla gəlirləri sabit saxlamağa çalışır. Ancaq bu çox riskli bir qərardır. Çünki hazırda Azərbaycan nefti 109 dollara satılır. Qiymət sabit deyil, tez-tez dəyişir. Ona görə də neftin baza qiymətinin 100 dollardan hesablanması riskli bir addımdır. O biri tərəfdənsə, neftin ucuzlaşması təhlükəsi çox real görünür. Birinci, dünyanın ən böyük neft istehlakçısı olan ABŞ (dünya üzrə istehlakın 26 faizi bu ölkəyə məxsusdur) yerli istehsalı artırmaq xəttini seçib və çox yaxın gələcəkdə tələbatı daha çox yerli hasilat hesabına ödəməyi düşünür. İkinci, OPEK ölkələri neft hasilatını artırır. Nəhayət, Avropadakı borc böhranı neft istehlakının azalmasına səbəb olub. Bu amillər ona gətirib çıxarır ki, bazarda təklif artır, tələbat isə tədricən azalmağa doğru gedir. Bu şəraitdə təbii ki, qiymətlərin ucuzlaşması gözləniləndir. Azərbaycan hökuməti isə belə riskli dönəmdə büdcə paketində neftin baza qiymətini azaltmaq əvəzinə, 20 faiz qaldırmaq barədə qərar qəbul edib. Bu, qeyri neft sektorunun bərbad durumu ilə bağlı bir məsələdir. Düzdür, qeyri-neft sektoru üzrə 1 milyard manat çox vergi yığımı planlaşdırılır. Ancaq bu, neft hasilatının azalmasından yaranan itkiləri ört-basdır etmək gücündə deyil. Ona görə də hökumət ümidini neftin indiki qiymətinin sabit qalmasına bağlayıb. Əgər hökumət özündə güc tapıb, qeyri-neft sektorunun inkişafı ilə bağlı rasional qərarlar qəbul etməsə, yaxın 2-3 il ərzində ölkə iqtisadiyyatı sözün bütün mənalarında çökə bilər.
musavat.com