Cəmil Həsənlinin Seçki Qərargahı bununla bağlı ilk press-relizi yaydı
Ölkədə prezident seçkisi başlayar-başlamaz saxtakarlığa da start verilib. Artıq məntəqələrdə seçki saxtakarlığı ilə bağlı ciddi işlər görülməkdədir.
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Seçki Qərargahı qanunsuzluqlarla bağlı ilk press-reliz yayıb:
“120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 46 saylı seçki məntəqəsindən Vahid Əhmədlinin verdiyi məlumata görə, saat 0745-də xeyli sayda seçki bülletenlərinin seçki qutusuna salındığı aşkar edilib.
55 saylı Xaçmaz şəhər seçki dairəsinin 1 saylı məntəqəsindən Ramiz Mustafayevin verdiyi məlumata görə, rayon icra hakimiyyətinin başçısı başda olmaqla dövlət qulluğunda və büdcə təşkilkatında işləyən əhali bu məntəqəyə gətirilib. Hazırda bu insanlara qeyri-qanuni olaraq bu məntəqədə seçki bülletenləri verilir.
36 saylı Xətai dördüncü seçki dairəsinin 16, 17, 18 saylı məntəqələrinə Cəmil Həsənlinin müşahidəçiləri buraxılmayıb.
19 saylı Nərimanov birinci seçki dairəsinin 30 saylı məntəqəsindən Məsud Əsgərovun verdiyi məlumata görə, məntəqədə bülletenlər müşahidəçilərin nəzarəti altında sayılmayıb və seçki qutularının hamısı səsvermə otağında yerləşdirilməyib.
8 saylı Binəqədi birinci seçki dairəsinin 30 saylı məntəqəsindən Şamil Beydullanın verdiyi məlumata görə, bu məntəqəyə daxil olan istənilən Azərbaycan vətəndaşının səs vermə hüquq olduğu bildirilir və bu məntəqə ərazisində qeydiyyatda olmayan şəxslərə də seçki bülletenləri verilir.
82 saylı Ağcabədi seçki dairəsinin 3 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Rüfət Hacıbəylinin verdiyi məlumata görə, məktəbin Yeganə adlı müəllimi seçki qutusuna topa şəklində seşçki bülleteni salır.
36 saylı Xətai dördüncü seçki dairəsinin 31 saylı məntəqəsindən müşahidəçi Fuad Əhmədlinin verdiyi məlumata görə, bu məntəqədə seçki bülletenləri müşahidəçilərin nəzarəti altında sayılmayıb, bülletenlər səsvermə otağında saxlanılmır və bu məntəqədə səsvermə hüququ olmayan şəxslərə seçki bülletenləri verilir.
54 saylı Şabrah-Siyəzən seçki dairəsinin 3 saylı məntəqəsindən məşvərətçi səshüquqlu Akif Şahvbazovun verdiyi məlumata görə, bu məntəqəyə gələn seçicilərin barmaqlarının mürəkkəblənib-mürəkkəblənmədiyi yoxlanılmır və barmaqlara mürəkkəb vurulmur.
105 saylı Tovuz seçki dairəsinin 40 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Səxavət Soltanlının verdiyi məlumata görə, səhər 815-də seçki məntəqəsində heç kəs yoxdur, məntəqənin komissiya üzvləri başqa bir otaqda məntəqə seçki komissiyasının sədri ilə birlikdə seçici siyahılarında və seçki bülletenlərində qeydlər aparır”.
musavat.com