Təyyarə Həştərxanda məcburi eniş etməli olub
Bu gün Moskvadan Gəncəyə uçan təyyarədə ciddi insident baş verib. Virtualaz.org Rusiya qaynaqlarına istinadən xəbər verir ki, təyyarənin azərbaycanlı sərnişinlərindən biri sərxoş vəziyyətdə pilot kabinəsinə hücum çəkib və heyət təyyarəni məcburi endirməli olub.
Rusiyanın Cənub Nəqliyyat Prokurorluğundan verilən məlumatda deyilir ki, az əvvəl Həştərxan Nəqliyyat Prokurorluğuna Moskva-Gəncə reysi ilə uçan, göyərtəsində 162 sərnişin olan “Boeing-737-800” təyyarəsinin (bort VQ-GF-743) təcili eniş etdiyi haqda məlumat daxil olub.
Məlum olub ki, uçuş zamanı Azərbaycan vətəndaşı Rasim Əmiraslanov sərxoş vəziyyətdə baş təyyarə bələdçisinin və sərnişinlərin ünvanına söyüş söyməyə başlayıb. Təyyarə komandiri sərnişindən bu hərəkətinə son qoymağı tələb edəndə o, tələbə məhəl qoymayıb, üstəlik daha da aqressivləşərək pilot kabinəsinə hücum çəkib. Nəticədə komandir təyyarənin yaxınlıqdakı aeroportda təcili endirilməsi barədə qərar qəbul edib.
Sərxoş sərnişin Həştərxan aeroportunda həbs olunub, təyyarə Gəncəyə uçuşunu davam etdirib. İşi Həştərxan Nəqliyyat Prokurorluğu araşdırır.