Sosial şəbəkələrin fəal istifadəçiləri adətən tənha insanlar olur

Bu gün artıq çoxları sosial şəbəkələrdən asılılıqdan qurtulmaq istəyirlər. Hətta bir çox iş yerlərində sosial şəbəkələr işçilərin diqqətini yayındırmasın deyə bağlanılır. Mütəxəssislər bildirirlər ki, sosial şəbəkələrin müsbət cəhətləri olsa da, həyatımıza müdaxiləsi daha çox zərərlidir. Belə ki, bu həm oturaq həyat tərzinə gətirib çıxarır, həm də insanları gerçək ünsiyyətdən, gerçəklikdən uzaqlaşdırır.

“Mən “facebook”dakı səhifəmi silməyi qərara aldım”. Bunu deyən 26 yaşlı Rasimə Əhmədovanın sözlərinə görə, sosial şəbəkədən istifadə edərkən vaxtının necə tez və mənasız keçdiyini anlamağa başlayıb. “Əvvəl gündə bir dəfə səhifəmi yoxlasam da, tədricən bu, gündə 3-4 dəfə, sonra isə bütün günlə əvəz olundu. Bir sözlə, həyatımı “facebook”da yaşayırdım. “Facebook”da “like”lar qoymaq və qazanmaq mənim üçün günün ən önəmli hadisəsinə çevrilmişdi. Sevgimi də burda axtarırdım, artıq alış-verişi də sosial şəbəkə vasitəsilə edirdim. Hətta hansı salona və ya həkimə getməyi də burada verilən reklamlara və “like”lara əsasən seçirdim. Ayılanda isə gördüm ki, nə şəxsi həyatım var, nə də işim. Qazandığım isə internet səhifələrindəki şərhlər və “like”lardır”.

Sosial şəbəkənin fəal istifadəçisi Firuz Kərimli hesab edir ki, sosial şəbəkənin bir sıra müsbət xüsusiyyətləri var: “Onun zərəri barədə nə qədər fikirlər səslənsə də, istifadəçilərin sayı azalmayacaq. Əksinə, artmağa davam edəcək. Belə ki, sosial şəbəkə vasitəsilə ünsiyyət qurmaq çox rahatdır. Nə qədər adam məhz sosial şəbəkələr vasitəsilə köhnə tanışlarını, sinif və qrup yoldaşlarını, uşaqlıq dostlarını tapıblar. Bundan başqa, sosial şəbəkələrdə tanış olub ailə quranlar da az deyil. Onu da qeyd edim ki, sosial şəbəkə qənaət baxımından da çox əlverişlidir. Evdən çıxmadan, uzaq yolda yorulmadan biz müxtəlif tanışlarımız və qohumlarımızla əlaqə yarada bilirik. Bir növ internet insanları bir-birinə yaxınlaşdırdı və ünsiyyət daha da artdı. İndi adamlar xarici ölkələrdə yaşayan yaxınları ilə danışır, videoda görüntüsünə baxır və ayrılığı o qədər də hiss etmirlər. Həm də nə vaxt, nə də pul xərcləmədən istədiyimiz adamla virtual görüşürük. Ümumiyyətlə, internet həyatımızı daha da sadələşdirdi”.

Psixoloq Jalə Həmidlinin sözlərinə görə, insanlar artıq sosial şəbəkələrdə yaşayır və onun əsirinə çevrilirlər: “Statistik məlumatlara nəzər salsaq, istifadəçilərin sayının günü-gündən artdığını müşahidə etmək olar. Sosial şəbəkələrdə müxtəlif informasiya olur və bu da müxtəlif zövqlü insanların tələbatlarını ödəyir. Şəbəkələrdə siyasi, sosial xəbərlər, psixoloji yazılar, lətifə, test, reklam və s. kimi məlumatlar, video görüntülər yerləşdirilir”.

Qeyd edək ki, insanları virtual aləmə əsasən də sosial şəbəkələr cəlb edir. Tədricən də virtual aləm gerçək aləmi sıxışdırır. Sorğulara görə məlum olub ki, insanların çoxu virtual ünsiyyəti real ünsiyyətdən üstün tuturlar.

Psixoloq qeyd edib ki, insanların sosial şəbəkələrdə ünsiyyətə can atması bu ünsiyyətin rahatlığı ilə izah olunur. Gerçək həyatda insanlar ünsiyyət zamanı bir sıra sosial faktorları nəzərə almalıdırlar. Virtual aləmdə isə ünsiyyət üçün heç bir problem yoxdur. Hər kəs öz istədiyi obrazı yaradır və münasib ünsiyyət tərzini seçir. İnsanlar sosial şəbəkələrdə, hətta olduğundan daha üstün görünə bilirlər. Bunun pis tərəfi isə odur ki, yaratdığı obraz gerçək obraza qalib gələrək onu sıxışdırır. İnsan özünə olan real qiymətləndirməni itirir. O, getdikcə gerçəklikdən uzaqlaşır. Gerçək həyat onun üçün daha da çətinləşir.

Sosial şəbəkələrin fəal istifadəçiləri adətən tənha insanlar olur. Həmidlinin dediyinə görə, tənha insanların həm boş vaxtı çox olur, həm də onlar ünsiyyətə ehtiyac duyurlar. Onlar olmayan şəxsi həyatını virtual dünyada yaşayır, daxili konflikt və problemlərini internetdə həll edirlər.

Sosial şəbəkə asılılığından qurtulmaq üçün insan öz üzərində işləməlidir. İlk növbədə şəxs asılı olduğunu qəbul etməlidir. Müsahibimiz bildirib ki, problemin qəbulu artıq onun yarısının həlli deməkdir: “Yaxşı olar ki, problemi qəbul edəndən sonra özünüz üçün hobbi tapasanız. Əgər hobbi ilə məşğul olmaq sizi maraqlandırmırsa, onda ev heyvanı saxlaya bilərsiz. Bu, sizin fikrinizi sosial şəbəkədən yayındıracaq. Bunlar iradənizi gücləndirəcək, məsuliyyəti artıracaq. Fiziki məşğələlərlə məşğul olmaq da əla vasitədir. İdmana, rəqsə yazılmaq da xeyirli ola bilər”.

J.Həmidlinin dediyinə görə, sosial şəbəkələrdən asılılıqla mübarizə aparan şəxs nəzərə almalıdır ki, onun yaxınları ondan daha çox əziyyət çəkirlər: “O, sosial şəbəkədə vaxtının çox hissəsini keçirdiyi üçün yaxınları diqqətsiz qalır. Həm də onlar bütün gününü internetin qabağında keçirən adama görə narahatlıq keçirməyə başlayırlar. Virtual xəyanət isə bir çox ailələrin dağılmasına da səbəb olub. Belə ki, sadəcə sosial şəbəkədə ünsiyyətlə qane olsalar da, bu qısqanclığa və münasibətlərin bitməsinə gətirib çıxarır”.

Sosial şəbəkələrdən getmək elə də asan deyil. Həmidli qeyd edir ki, sosial şəbəkə süni xoşbəxtlik yaradır və istifadəçilər də buna aldanırlar.

loading...