“Mənim səfirlə normal münasibətlərim var”; “1 manat aksiyasına 3 min manat keçirmişəm”; “Rəsul Quliyev mənə dedi ki,..” 

Ötən gün bir sıra xəbər saytları Rüstəm İbrahimbəyovun Milli Şura təmsilçilərinin London səfərinə qatılmaması ilə bağlı bir neçə versiya səsləndirdilər. Hətta İbrahimbəyovun Milli Şura üzvləri ilə münasibətləri kəsib iqtidar komandası ilə danışıqlara başlaması haqda informasiyalar yayıldı. “Yeni Müsavat” Moskvada olan Milli Şura sədri ilə əlaqə saxlayaraq gündəmdə olan məsələlərlə bağlı sualları cavablandırmasını istəyib.

– Rüstəm bəy, Böyük Britaniyadakı qaynaqlar xəbər verir ki, Milli Şura təmsilçilərinin London səfərinə qatılmaq imkanınız olmasa da, yaxın günlərdə Londona müstəqil səfəriniz gözlənilir. Artıq bu görüşün tarixi, proqramı bəllidirmi? 

– Belə səfər gözlənilir. Ancaq heç nə dəqiqləşdirməmişəm. Ola bilər ki, səfər noyabr ayında, seçkidən sonra baş tutsun. Londonda  əsasən siyasi məsələlərlə, Milli Şuranın fəaliyyəti ilə bağlı görüşlərim də olacaq. Böyük Britaniyada kino ilə bağlı da işlərim var. Getmişkən həmin məsələləri də yoluna qoymağa çalışacağam. Cəmil Həsənli və Eldar Namazovla bərabər mən də Londona getməli idim, bütün hazırlıqları da görmüşdüm. Ancaq ortaya başqa işlər çıxdı və mən gedə bilmədim. 

– Səhhətiniz necədir? Bir sıra saytlar yazır ki, Londona səhhətinizə görə gedə bilməmisiniz. 

– Neçə illərdir böyrəyimdəki daşlar məni narahat edir. Vəziyyətim bir az şübhəlidir, hər an ağrılar başlaya bilər. Bu məsələ də səfəri təxirə salmağıma təsir elədi. 

– Allah şəfa versin! Cəmil müəllimləəlaqə saxlayırsınızmı, Londondakı görüşlər haqqında bilginiz varmı? 

– Hər gün ünsiyyətdəyəm. Həm mən, həm də o, tez-tez telefonla danışırıq. Dünən də danışdıq, bir neçə saat qabaq yenə söhbət etdik. Bundan başqa, yaxın günlərdə Cəmil Həsənli ilə görüşəcəyik. Milli Şuranın fəaliyyəti və seçki ilə bağlı məsələləri geniş müzakirə edəcəyik. 

– Ötən gün Mərkəzi Seçki Komissiyası Cəmil Həsənlinin namizədliyini qeydə aldı. Çoxları düşünürdü ki, proses çətin olacaq, hətta müxalifətin vahid namizədinin qeydə alınmayacağı ilə bağlı da proqnozlar var idi. Siz ölkədəki seçkiöncəsi durumu, Milli Şuranın şanslarını necə qiymətləndirirsiniz? 

– Məncə, hakimiyyətin imkanı olsaydı, Cəmil Həsənlinin namizədliyini qeydə almazdı. Mən prosesi diqqətlə izləyirəm, Cəmil müəllimə qarşı xeyli təbliğat aparıldı. Ancaq sonra onun namizədliyini qeydə almağa məcbur oldular. Demək, bizim Cəmil Həsənlini alternativ namizəd seçməyimiz çox doğru qərardır. Onun namizədliyini qeydə almamaq üçün hakimiyyətin əlində heç bir əsas yox idi. Bundan sonra da Milli Şura üzvləri, başda bütün Azərbaycan vətəndaşları üzərlərinə düşəni eləməlidirlər ki, biz öz namizədimizin qələbəsinə nail olaq. 

– Yəni Siz seçki ilə dəyişikliklərin mümkünlüyünə inanırsınız? 

– Mən o fikirdəyəm ki, Azərbaycanda son 20 ildə şəffaf, ədalətli seçki keçirilməyib və keçirilməyəcək. Kənardan da baxanda aydın görünür ki, namizədlərin rəqabət imkanları bərabər deyil. Ancaq mən heç şübhə eləmirəm ki, Azərbaycan seçicilərinin xeyli hissəsi Cəmil Həsənliyə səs verəcək. 

– Rüstəm bəy, bir sıra saytlar yazır ki, hakimiyyətlə danışıqlara başlamısınız, Moskvada səfir Polad Bülbüloğlu ilə görüşmüsünüz. 

– Polad Bülbüloğlu ilə çoxdandır görüşmürəm. Yazılanların hamısı yalan söhbətlərdir. Mənim onunla normal münasibətlərim var. İncəsənət adamları kimi biz uzun illərdir tanışıq. Görüşəndə də ancaq mədəniyyətlə bağlı söhbətlərimiz olurdu. Axır iki ildə görüşüm heç yadıma gəlmir. Ola bilər, hansısa yığıncaqda qarşılaşıb salamlaşmışıq, ancaq heç bir söhbətimiz olmayıb. Ümumiyyətlə, yaxın vaxtlarda Azərbaycan məmurlarından heç kimi heç təsadüfən də görməmişəm.

– Rüstəm bəy, Siz hər bir Azərbaycan vətəndaşını Milli Şuranın namizədinin bank hesabına 1 manat yatırmağa çağırmışdınız, özünüz də vəsait köçürəcəyinizi demişdiniz. Demişdiniz ki, yaxınlarınıza da bu məsələ ilə bağlı çağırış etmisiniz. Çağırışlarınıza cavab verən varmı? 

– Özüm həmin hesaba 3 min manat keçirmişəm. Çağırış eləmişəm, indi cavab gözləyirəm. Siz özünüz göndərdinizmi? 

– Bəli, “Yeni Müsavat” adından da, ailəmiz adından da göndərdik. 

– Çox yaxşı. Heç bilmirəm hesabda nə qədər pul yığılıb. 

– Kiçik bir məbləğdir. Təxminən 5 min manat. Onun da 3 minini Siz göndərmisiz… 

– Bu, çox pis nümunədir. Bu o deməkdir ki, bizim xalqımız hələ seçki prosesindəki vəzifəsini başa düşməyib. Çünki demişdim ki, bu bir siyasi aksiyadır və əsas məqsəd hər bir vətəndaşın öz adından həmin hesaba minimum məbləğ köçürməklə hakimiyyətə etirazını ifadə etməsidir. Hər halda, vətəndaşlar bu prosesi dayandırmamalıdırlar. 

– Milli Şuranın üzvü Rəsul Quliyev Cəmil Həsənlinin seçkidə hakimiyyətin namizədinə böyük hesabla məğlub olacağını deyir. Bu gün yenə də belə bir açıqlama ilə çıxış edib. Bu da müxalifət düşərgəsində həm konfliktli situasiya yaradır, həm də seçicilərin fəallığına mənfi təsir göstərir. Siz Milli Şura sədri olaraq Rəsul Quliyevlə danışıb belə açıqlamaları dayandırmasını istəmisinizmi? 

– Bilirsiniz, mən dünən Rəsul Quliyevlə telefonda xeyli söhbət elədim. Təxminən sizin dediklərinizi ona dedim. Ancaq o mənə başqa cür izahat verir. Rəsul bəy deyir ki, onun dediklərini jurnalistlər təhrif edir. O deyir ki, mən Cəmil Həsənliyə hörmət edirəm, onun böyük alim, tanınan, qəbul edilən şəxs olduğunu bilirəm, ancaq onu da bilirəm ki, hakimiyyət seçkini saxtalaşdıracaq və onun çox az səsini tanıyacaq. Rəsul Quliyev fikirləşir ki, hər şey iqtidarın əlindədir. O fikirləşir ki, İlham Əliyevin səslərini şişirdəcəklər, ondan sonrakı yeri İqbal Ağazadəyə verəcəklər. Yəni İqbal Ağazədinin 10 faiz səs aldığını göstərəcəklər, Cəmil Həsənliyə isə 1 faizdən də az səs yazacaqlar. Rəsul Quliyev mənə dönə-dönə dedi ki, onun Cəmil Həsənli ilə hər hansı problemi yoxdur, dedikləri də Cəmil Həsənli ilə yox, hakimiyyətin seçkini saxtalaşdıracağı ilə bağlıdır. Bunlar tamam başqa-başqa şeylərdir. Onu düzgün başa düşmürlər. Bir-iki sayt var ki, Milli Şuraya qarşı təxribatlarla məşğuldurlar, onlar Rəsul Quliyevin açıqlamalarını götürüb kontekstdən çıxarır, təhrif olunmuş variantda təqdim edir. Rəsul müəllim deyir ki, mən  Cəmil Həsənlinin az səs yığacağı ilə bağlı qətiyyən bir kəlmə də deməmişəm. Onun fikrincə, Cəmil Həsənli səs yığacaq, ancaq iqtidar seçkini saxtalaşdıraraq öz namizədini qalib elan eləyəcək. 

– Rüstəm bəy, Cəmil Həsənli yaxın zamanlarda təbliğat kampaniyasına başlamalıdır. Bu işə Sizdən bir dəstək gələcəkmi? Məsələn, namizədin təbliğat videoçarxını çəkmək kimi. Axı bu birbaşa Sizin sahənizdir… 

– Biz bu haqda düşünürük. Mümkün qədər keyfiyyətli videoçarxlar çəkmək lazımdır. Ancaq telekanallar efir üçün elə qiymət qoyurlar ki, bizim imkanlarımız məhdudlaşır. Mən maraqlandım, dedilər ki, 1 dəqiqəyə 3 min manat ödəmək lazımdır. Bu, müxalifət üçün həddən artıq böyük rəqəmlərdir. İqtidarın əlində milyardlar var, müxalifətin əlində isə pul yoxdur. Ona görə də iqtidar pulla öz işini görür. Ancaq çalışacağıq ki, biz az vəsait cəlb eləyək. Görək necə olacaq…a

loading...