ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin Ammanda Iordaniya Haşimilər Krallığının kralı II Abdullahla müsahibəsi
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Ammanda İordaniya Haşimilər Krallığının kralı II Abdullahdan müsahibə götürüb. ANS PRESS müsahibəni olduğu kimi təqdim edir:
Vahid Mustafayev: Zati aliləri, təşəkkür edirəm ki, gərgin iş qrafikinizdə bizi qəbul etməyə vaxt ayırdınız… Bu hərəkətinizlə bir daha sübut etdiniz ki, Azərbaycanda Sizi əbəs yerə dost və qardaş hesab etmirlər.
Kral Abdullah: Mən Sizə təşəkkür edirəm. Fürsətdən istfadə edərək Azərbaycan xalqına, dostum və əziz qardaşım, prezident İlham Əliyevə səmimi salamlarımı çatdırıram. Azərbaycanda gedən prosesləri diqqətlə izləyirəm, qardaş və dost xalq olaraq Azərbaycanın, qardaşım İlham Əliyevin uğurlarına ürəkdən sevinirəm. İstərdim ki, Şeyx Həzrətlərilə onun mənə yolladığı salamın müqabilində elə Sizin vasitənizlə İlham Əliyevi salamlayım, Allahdan Azərbaycana, xalqınıza hər şeyin yaxşısını arzulayım. Hacı Allahşükür Paşazadə mənə dedi ki, Ammana gəlişi ərəfəsində Prezident İlham Əliyevlə danışıb və onun İordaniya dövləti, xalqı üçün olduqca qiymətli olan fikirlərini möhtərəm Şeyx mənə çatdırdı və bu fikirlərdən məmnun oldum. Bu gün ölkəmizin dinc, sakit şəraitdə yaşaması, iğtişaşlardan, toqquşmalardan uzaq bir şəkildə öz inkişafına davam etməsinin Azərbaycanda fərəhlə qarşılanması bizə şərəf verir. Dövlətlərimiz, xalqlarımız arasındakı bu yolu bizim atalarımız salıb, biz isə onların yolunu davam etdiririk.
Vahid Mustafayev: Zati aliləri, Azərbaycan Prezident seçkiləri ərəfəsindədir. Yəqin bu barədə məlumatlısınız… Azərbaycan xalqına arzularınızı eşitmək xoş olardı…
Kral Abdullah: Əlbəttə, məlumatım var. Qardaşım İlham Əliyevin yenidən Prezidentliyə namizəd olmasından da xəbərdaram. Aldığım məlumatlar göstərir ki, İlham Əliyev seçkilərə böyük bir uğur potensialı ilə gedir. Mən onu doğrudan da özümə dost və qardaş hesab edirəm, onun uğurlarına sevinirəm və ona, təbii ki, nailiyyətlər arzulayıram. Azərbaycan xalqının isə növbəti dəfə də doğru seçim edəcəyinə zərrə qədər şübhəm yoxdur. Əminəm ki, İlham Əliyev seçkidə qələbə qazanacaq.
Vahid Mustafayev: Azərbaycan və İordaniya arasındakı əlaqələr Sizi qane edirmi?
Kral Abdullah: Əlbəttə, ölkələrimiz arasında münasibətlər kifayət qədər sıxdır. Biz beynəlxalq əməkdaşlıq barədə Memorandum imzalamışıq. Beynəlxalq tədbirlərdə hər iki ölkə bir mövqedən çıxış edir. İqtisadi sahədə əməkdaşlığımız da var. Amma bu hələ tibb ləvazimatları, kənd təsərrüfatı məhsullarınn Azərbaycana ixrac edilməsi ilə məhdudlaşır. Hərbi sahədə birgə əməkdaşlığımızı gücləndirməliyik. Xülasə, istifadə olunmamış imkanlarımız qalmaqdadır. Mən bu gün bir daha tapşırıq verəcəyəm ki, başqa hansı sahələrdə birgə çalışmağın mümkünlüyü barədə mənə arayış hazırlasınlar.
Vahid Mustafayev: Zati aliləri, bilirik ki, Siz artıq iki dəfə Azərbaycanda olmuzunuz. İki dəfə də Azərbaycan Prezidenti İordaniyaya gəlib. Azərbaycana növbəti səfərə hazırlaşırsınızmı?
Kral Abdullah: İslam aləminin nüfuzlu xadimi Şeyx həzrətləri ilə bayaq söhbət edəndə o mənə dedi ki, yaxın zamanlarda Azərbaycanda möhtəşəm bir məscid xalqın istifadəsinə veriləcək və məni də bu mərasimə dəvət etdi. Azərbaycan dost, qardaş və etibarlı tərəfdaşdır. Dost, qardaş və tərəfdaşın vəzifəsi isə həm ağır, həm də şad günlərdə bir-birinin yanında olmaqdır. Əlbəttə ki, mən Azərbaycana həmin ibadətgahın açılışndan daha tez gəlməyi arzulayıram və ümid edirəm ki, bu səfəri seçkilərə qədər edə biləcəyəm.
Vahid Mustafayev: Təşəkkür edirəm. Bizə şərəf verdiniz!
anspress.com