Загрузка...

Kopenhagen zooparkında diqqətimi ən çox çəkən pavian meymunları oldu. Qəfəsdə pişiyə dönən pələnglər, naz-qəmzəli astagəl zürafələr, cəngəllik xiffəti çəkən fillər, dünyanı eyninə almayan gönüqalın kərgədanlar, minilmədiyindən beli ceyran beli kimi zərifləşən dəvələr bu meymunlar qədər maraqlı deyildi. Yalan olmasın, düz bir saat tamaşalarına durdum.

Nəhəng qəfəsdə analı-balalı onlarla meymun vardı. Burada həyat sanki xüsusi yazılmış qayda-qanunla tənzimlənirdi. Cəmiyyət dəqiq qurulmuş mexanizm üzrə idarə olunurdu. Böyük ailə ata meymunun iradəsinə tabeydi. Onun nəzarətindən kənar nəyinsə baş verməsi mümkünsüz görünürdü. O, istədiyi meymunu mükafatlandıra, istədiyini cəzalandıra bilirdi.

Tamaşa elədiyim müddətdə pavian cəmiyyəti gündəlik həyatını yaşayırdı: ana meymunlar körpələri əmizdirir, balalar oynaşırdı. Biri qayalara dırmaşır, o biri ağacdan sallaşır, başqası yanını qaşıyır, zirəyi fağırın əlindəkini qapıb yeyir, sonra da ona acıq verirmiş kimi irişir, küsdürülmüşü küncə çəkilib dalğın baxışlarla harasa baxır, qarınqulusu əliylə yumurta soya-soya ayağıyla bananı bərk-bərk tutur – bir sözlə, meymunluq edirdilər.

Ana meymunlar təzəcə doğulmuş balalarını quyruqlarından tutaraq aralanmağa qoymurlar. Özləri də bir yana gedəndə balalarını gah dallarına alır, gah da quyruqlarından yapışıb sürüyürlər. Sanki balalarını başqa ana meymunlardan qoruyurlar, qəfəs içində başqa qorxulu nə ola bilərdi ki?! Bəlkə də genetik yaddaşında bir vaxtlar yaşadığı təbiətdən qalma qorxulu bir şeylər vardı. Amma bəzən qapalı qəfəs içində olan qorxunc olaylar min bir təhlükənin dolaşdığı meşə və cəngəlliklərdə də olmur.

Burda da insan cəmiyyətində olduğu kimi gizli-açıq mübarizə gedirdi. Uzun müddət seyr edəndə bunu duyursan. Kaş onları anlaya biləydim – dünyanın ən maraqlı reportajını yazardım.

Ata meymun adətən qəfəsin ən hündür yerində, qayaların başında oturur, ailəsinə oradan nəzarət edirdi. Səs-küy artanda, meymunlar səslərini başına alanda Ata meymunun qışqırığı bəs edirdi – bir anlıq elə bilirdin qurbağa gölünə daş atdılar. Artıq səs salan, “qaydalar”dan kənara çıxan ana meymunların cəzası ağır olurdu. Onlar Ata meymunun cinsi təcavüzünə məruz qalırdılar. Tək bir saat ərzində üç belə cəzalandırma prosesinə şahid oldum. Proses zamanı ana meymun müti halda Ata meymuna tabe olur, onun istəkləri qarşısında sükut edirdi. “Cəza prosesi”ndən sonra ana meymun elə lal-dinməz olurdu, elə büzüşüb bir kənara çəkilirdi ki, deməzdin az öncə qara-qışqırıq eləyib səsini başına alan bu imiş (Amma bu dekadentlik elə də çox çəkmirdi, tezliklə o yenə əvvəlki ovqatını bərpa edəcəkdi). Ata meymunsa nərildəyib-guruldayıb öz yerinə – hündürdəki taxtına qayıdırdı. 

Başqa bir cəza növü isə arxa qəfəsə sürgün idi. Zooparkda pavian ailəsi üçün iki böyük qəfəs ayrılıb. Biri bizim tamaşa elədiyimiz açıq havadakı idi, o biri qəfəs isə üstü bağlı tikilidə yerləşirdi. Meymunlar qəfəsdən qəfəsə bir neçə balaca deşik-qapıdan keçirdilər. Ata meymunun qəzəbinə tuş gəlmiş pavian cəza yeri kimi isti havada tamaşaçısı tək-tük olan bağlı qəfəsə girirdi.

Diktaturalarda ədalət olmur, istər heyvan, istərsə də insanların yaratdığı cəmiyyət olsun. Zoopark işçisinin gətirdiyi yemək uğrunda meymunların mübarizəsi ədalət prinsipindən tamamən uzaq idi. Güclü zəifin payını yeyirdi. Yeməyin ədalətli bölgüsü mütləq hakim Ata meymunu da düşündürmürdü. O, təmin olunmuşdu, bəs deyincə yeməyi vardı.

Pavian ailəsi mənə Çarlz Darvini, xüsusilə də onun “İnsan və heyvanlarda emosional ifadə” kitabını xatırlatdı. 80-ci illərin Bakı bukinistlərində rastlaşdığım o kitab şəkilləriylə daha çox yadımda qalıb. Burda da meymunları izlədikcə bir daha əmin olursan ki, insan cəmiyyəti öz quruluşunu təbiət qanunlarından əxz edib. Bəzən unudub o qədər uzağa gedirik ki, təbiətin bir parçası, onun canlılarından biri olduğumuzu unuduruq. Bax, meymunlar mənə məhz bunu xatırlatdı – biz də təbiət canlılarından biriyik.

Əzab çəkən insanın sifət cizgiləriylə təcavüz olunan meymunun üzündə əmələ gələn ifadə necə də oxşardır. Gözlərini döşündən süd əmən balasına zilləyən ana meymunun razılıq təbəssümü Leonardo da Vinçinin “Madonna Litta” tablosundakı uşaq əmizdirən ananın təbəssümünün eynidir sanki. Təcrid olunan meymunun keçirdiyi hiss üzündən oxunurdu, əzabı kölgə təki üzünə çökən insanın yaşadıqları kimi. Xoşbəxt gülüşlərlə budaqdan budağa tullananların sevinci də bəxtəvər insan sevincindən heç nəylə fərqlənmirdi. Cəza verməkdən zövq alan Ata meymunun emosiyası gücü, hökmü çatana zülm edən insanın yaşadığı sadist duyğulara necə də bənzəyirdi.

Qəfəsdəki mövcud həyat özündən olanlar üzərində hökmranlıq eləyən insanların qurduğu rejim kimiydi. Yeni doğulan körpədən tutmuş başçıya kimi hamı dəqiq mexanizmlə idarə olunan sistemə tabe idi. Elə bil başçı hökm etmək, yerdə qalanlarsa tabe olmaq üçün doğulubmuş.

Tarixinin ilkin dövrlərində insanların yaratdıqları bütün cəmiyyətlər heyvanların mövcud birgəyaşayış modelləri əsasında qurulub. Bu eynilik canlıların hamısına hakim olan bir duyğudan qaynaqlanır – “güclünün zəif üzərində hökmranlıq istəyi”. Bu, canlı məxluqatın intuitiv olaraq yaratdığı birgəyaşayış modelinin baş prinsipidir. 

Bu hiss bütün canlılarda var. Ən çox da insanda. İnsanın özündən olan varlıqlara zülm verməkdə tayı yoxdur. Bənzərinə heç bir canlıda rast gəlməzsən.

Sonra tarixin min bir kəşməkəşindən keçən bəzi insan toplumları fərqli modellərlə “bərabər imkanlar cəmiyyəti” qura bildilər.

Bəziləri isə hələ də Kopenhagen zooparkında izlədiyim pavian diktaturasına bənzər cəmiyyətdə yaşamaqdadırlar.