“Rusiya prezidenti Vladimir Putin üçüncü prezidentliyi dövründə ilk dəfə Azərbaycana baş çəkdi. Keçmiş sovet respublikası qarşıdakı dövrdə Cənubi Qafqazda liderlik mövqeyini tamamilə ələ keçirə bilər. Putinin səfəri bir daha Vaşinqtona mesaj oldu ki, Rusiyanın “imtiyazlı maraqlar zonası” hazırda Baltikyanı ölkələrindən başqa demək olar ki, bütün keçmiş sovet respublikalarını əhatə edir”.
Rusiya prezidentinin Azərbaycana səfərindən bir həftə vaxt keçməsinə baxmayaraq, səfərin nəticələri hələ də müzakirə olunur. Putinin səfəri postsovet məkanı uğrunda nüfuz müharibəsi aparan ABŞ mətbuatının xüsusilə diqqət mərkəzindədir.
Yuxarıda qeyd olunan fikirlər də məhz ABŞ-ın “The National Interest” qəzetinə məxsusdur.
Qəzet qeyd edir ki, 2008-ci ildən, xüsusilə Rusiya-Gürcüstan müharibəsindən sonra ABŞ-ın postsovet məkanında təsiri əhəmiyyətli dərəcədə azalıb və bütün sferalarda Rusiyanın təsiri artıb. “Təbii ki, Əfqanıstana tranzit yollardan başqa. Belə ki, 2014-cü ildən sonra bu marşrutlar da öz mövcudluğuna son qoyacaq”,- ABŞ nəşri qeyd edir.
V.Putinin iki hərbi gəmi və böyük nümayəndə heyəti ilə Azərbaycana gəldiyini xatırladan “The National Interest” səfərin Azərbaycanda keçiriləcək prezident seçkisindən iki ay əvvələ təsadüf etməsini xüsusi olaraq önə çəkir.
Qəzet hesab edir ki, prezident İlham Əliyevi dəstəkləmək və iki dövlət arasındakı əlaqələri möhkəmləndirmək baxımından Putin üçün bundan daha münasib vaxt ola bilməzdi:
“Çox güman ki, Putinin başqa çıxış yolu yox idi. Cənubi Qafqazda, o cümlədən Orta Asiyada sabitlik Azərbaycandakı sabitlikdən asılıdır. Rusiya İlham Əliyevin prezidentliyinə onun atası Heydər Əliyev tərəfindən əsası qoyulan kursun davamı kimi baxır. Azərbaycan bu halda ittifaqa qəbul olmaqdan çəkinərək Rusiya ilə əməkdaşlıq münasibətlərini inkişaf etdirməkdə davam edir. Putin və İlham Əliyevi sıx dostluq bağlayır. Bununla belə Rusiya Azərbaycanı onun iqtisadi və hərbi-siyasi strukturlarına daxil olması üçün inandıra bilmədi. Baxmayaraq ki, Avrasiya İttifaqı, Gömrük Şurası və KTMT ilə bağlı müzakirələr vaxtaşırı keçirilir. Problem ondan ibarətdir ki, Ağ Ev və Dövlət Departamenti postsovet məkanına daha az maraq göstərir. Eyni zamanda Moskva və Bakı bir-biri ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycan Cənubi Qafqazda Rusiyanın ən böyük ticarət partnyorudur. Hazırda Rusiya ondan narahatdır ki, Azərbaycan enerjidaşıyıcıların müstəqil ixracatçısıdır və Orta Asiya enerji resurslarlarının Avropaya çatdırılmasında tranzit məntəqə ola bilər”.
“The National Interest” hesab edir ki, Rusiya bununla belə Azərbaycanın enerji şəbəkəsindən tikə qopartmağa çalışır:
“Rusiyanın neft nəhəngi “Rosneft” qaz layihəsində iştirak etməık üçün “Abşeronu” yatağına maraq göstərir. Bu isə”Rosneft”-ə Rusiya nəhəngi “Qazprom”nin rəqibi kimi gəlirli Avropa qaz bazarına çıxmağa kömək edəcək. Putinlə Azərbaycana gələn “Rosneft”in rəhbəri İqor Seçin və SOCAR prezidenti energetika sahəsində əməkdaşlıq haqqında razılaşma imzaladılar”.
ABŞ nəşri qeyd edir ki, Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi Bakı-Moskva münasibətlərdə əsas əngəl olaraq qalsa da, Putinin səfərində bu məsələdə hər hansı bir irəliləyiş müşahidə olunmadı. “Putin təkrarladı ki, münaqişə siyasi metodlarla həll edilməlidir, müharibə vasitəsilə deyil. Bu Azərbaycan üçün aydın siqnal oldu. Belə ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini ötür. Azərbaycan ordusunun potensialı enerjidaşıyıcısıların satışından əldə olunan gəlir sayəsində artmaqda davam edir”, – “The National Interest” qeyd edir.
Bildirilir ki, Kreml hələ bu uzun müddət münaqişənin həlli ilə bağlı yeni təşəbbüsləri və təklifləri müzakirə etməyə hazır deyil:
“Bu onunla izah olunur ki, Dağlıq Qarabağ münaqişəsi Rusiyanın Cənubi Qafqazda siyasi və hərbi mövcudluğunun əsas zəmanətidir. Dmitri Medvedevin prezidentliyi dövründə Rusiya münaqişənin həllində fəal vasitəçi rolunda çıxış edirdi, ancaq Kremlin hazırkı rəhbərliyi öz səylərini gözəçarpan dərəcədə azaltdı. Bu Vaşinqtona Azərbaycanla və Ermənistanla münasibətləri möhkəmləndirmək və regiondakı mövqelərini bərpa etmək imkanını verir. ABŞ Dağlıq Qarabağ münaqişəsinin həll yollarının tapılması istiqamətində Rusiyaya əməkdaşlıq etməyi təklif edərək yaranmış vəziyyətdən yararlana bilər”.
“Ancaq administrasiya ehtimal ki, Kerrinin qiymətli vaxtını daha lovğa, mürəkkəb və uzunmüddətli münaqişələrin həllinə həsr etməyi üstün tutdu. Bədbəxtlikdən, bu Rusiya üçün bir çox perspektivlər açır. Hansı ki, Moskva Cənubi Qafqazda öz təsir dairəsini bərpa edə bilər”,- qəzet yazır.
publika.az