“Ölkələrdə prezident vətəndaşların seçki hüquqlarının bərpa olunmasında böyük rol oynayır”. Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Dairə Seçki Komissiyaları sədrləri üçün keçirilən treninqdə çıxış edən MSK sədri qeyd edib ki, Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün lazımi şərait mövcuddur. “Hər bir partiyaya seçkilərdə iştirak etmək üçün şərait yaradılıb. KİV-də heç bir nəzarət yoxdur”, – deyən M. Pənahov seçkilərin yüksək səviyyədə keçirilməsi üçün DSK və məntəqə seçki komissiyaları yüksək peşəkarlığa malik olduğunu vurğulayıb. “Əsas vəzifəmiz Seçki Məcəlləsinə uyğun addımlar atmasına nail olmaq və seçkilərin nəticələrini operativ və vaxtında çatdırmaqdır”.
“ Bəzi qüvvələr başqa ölkələrdə olduğu kimi seçki prosesinin özbaşına buraxılmasını istəyirlər”. Bu fikirləri isə Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib. Onun sözlərinə görə, Azərbaycanda seçkilərin demokratik şəkildə keçirildiyi həm ölkə, həm də dünya ictimaiyyətinə məlumdur. O, DSK-larda monitorinq keçirildiyini, çatışmazlıqların MSKilə birlikdə aradan qaldırılacağını söyləyib: “Məntəqə seçki komissiyalarında ola biləcək problemlər aradan qaldırılıb, səsvermə üçün daha geniş otaqların ayrılmasına, seçici siyahılarını dəqiqləşdirməyə çalışmışıq. Seçici siyahılarımız bütün ölkələrə nümunə ola bilər. Çalışmışıq ki, heç bir seçici kənarda qalmasın və hüququ pozulmasın. Artıq bununla bağlı şikayət daxil olmur. Ancaq bəzi hallarda beynəlxalq təşkilatlar Azərbaycan qanunlarını öyrənmədən, yerli reallıqları bilmədən saxta hesabatlar hazırlayırlar. İstəyirlər ki, başqa ölkələrdə olduğu kimi bu iş özbaşına buraxılsın. Yerli seçki orqanlarına seçici siyahılarının düzgün hazırlanmasına dair birbaşa tapşırıq verilib”.
Z. Nağdəliyev qeyd edib ki, ötən seçkilərdə məntəqələrin 10 faizində seçkilərin gedişini internet vasitəsi ilə izləmək mümkün idisə, qarşıdan gələn prezident seçkilərində bu rəqəm 20 faizə qaldırılacaq: “Azərbaycanda seçkilər şəffaf keçirilməlidir. Bizim hazırlığımız da buna imkan verir. Seçicinin adı siyahıda olmasa, sonuncu günə kimi öz adını siyahıya əlavə etdirə bilər. Dünyanın bir çox inkişaf etmiş ölkələrində belə imkan yoxdur. Elə etməliyik ki, hamı yüksək peşəkarlığın şahidi olsun. Dünya görsün ki, Azərbaycanda seçkilər necə demokratik, şəffaf, ədalətli keçirilir”.