Almaniyanın sabiq baş naziri Helmut Şmit 38 min ədəd siqaret alaraq hər kəsi təəccübləndirib. 94 yaşlı sabiq baş nazir evini siqaret anbarına çevirib. Onun sözlərinə görə, bu qədər siqaret almasının səbəbi Avropa Birliyinin yaxın günlərdə qəbul edəcəyi qanundur. Məlumatlara görə, Avropa Birliyi mentollu siqaretlərin satışının qadağan edilməsi haqqında qanun layihəsi hazırlayır. Məhz bu səbəbdən də sabiq nazir çox sevdiyi mentollu siqaretləri alıb evində saxlayır. O, aldığı 38 min siqareti 100 yaşına qədər çəkəcəyini deyib. H.Şmit ölkənin ən tanınmış siqaret çəkənlərindəndir. Ölkənin hər yerində onun siqaret çəkməsi adi hal kimi qəbul edilir. Hətta televiziya kanallarına qonaq çağırıldığı zaman da onun siqaret çəkməsinə icazə verilir.