Nazpəri Dostəliyeva məhkəmədə İlhamə Quliyevaya uduzması ilə bağlı xəbəri təkzib etdi. Bu barədə mövqe.az-a eksklüziv xəbər verən xalq artisti Nazpəri Dostəliyeva bildirdi: “Yalan məlumatdır. Olmayan şey necə yaza bilər axı… Elə bir məhkəmə olmayıb. Mən heç kimə 50 min manat uduzmamışam. Heç kimdən də üzr istəmək fikrim yoxdur”.
APA-nın yaydığı xəbərə görə isə, Nəsimi rayon məhkəməsində xalq artisti İlhamə Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddia üzrə proses keçirilib.
İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyevanın APA-ya verdiyi məlumata görə, məhkəmənin qərarı ilə Nazpəri Dostəliyeva İlhamə Quliyevaya vurduğu mənəvi ziyana görə 50.000 manat təzminat ödəyəcək. Bundan başqa məhkəmə Nazpəri Dostəliyevanın televiziya vasitəsilə İlhamə Quliyevadan üzr istəməsi barədə də qərar çıxarıb.
Qeyd edək ki, İlhamə Quliyevanın şikayət ərizəsi aprelin 23-də Nəsimi rayon məhkəməsinə təqdim olunub. İlhamə Quliyeva iddia ərizəsində Nazpəri Dostəliyeva tərəfindən ictimai şəkildə şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirib.