Загрузка...

Haramıstan

Vahid Qazi

Adətən yazıya adı onu bitirəndən sonra qoyursan. Hərdən də əksinə olur, başlığı yazıdan əvvəl tapırsan. “Haramıstan” da belədi, hələ iki il əvvəl komputerimdə boş fayla qoyduğum addı. Dəfələrlə mövzusuna uyğun gələn yazılardan birinə bu adı vermək istəsəm də, sonda vaz keçmişəm.

Məni belə bir adı bu yazıya başlıq seçməyə Milli Kitab Mükafatı münsiflərinin verdikləri ballar səbəb oldu.

…İndi yaşadığım İsveçin yerli adamlarında belə bir təsəvvür var ki, “haram” sözü yalnız tərkibində donuz əti olan məhsullara aiddir. Onlara bu sözün daha geniş anlam verdiyini izah eləməkdə çətinlik çəkirəm. Sadə isveçli təsəvvür edə bilmir ki, baxçada direktor uşaqların yeməyindən necə kəsib satdıra, ya da evinə apara bilər?! Məktəbdə, universitetdə dərs oxumayana dərs oxuyandan necə yüksək qiymət yazmaq olar?! İnsanların taleyinə cavabdeh sürücülərə vəsiqə, həkimlərə diplom, lisenziya necə verilə bilər, oxumasalar, qabiliyyətləri olmasa belə?!

Bizdə hamının bildiyini bir-bir bura yazmağa ehtiyac yoxdu. Demək istədiyim odu – isveçli dərk edə bilmir ki, indiki zamanda dünyanın hansısa bir bucağında, illah də Avropa ailəsinin üzvü olan bir məkanda bişirilən çörəkdən tutmuş bala toyuna açılan süfrəyə, “sinifkom” seçimindən prezident seçkisinədək “haram” sözünü işlətmək mümkündü.

Qırx dərəcə qızdırması olan uşağa adi “Alvedon” tableti yazıb təmiz hava tövsiyyə edən isveçli həkim təsəvvürünə gətirə bilmir ki, dərman firmaları ilə əlbir olub xəstəyə uzun bir siyahı resept də yazmaq olar – canı çıxsın! İş günləri saat 3-dək işləyən, şənbə-bazar günləri bağlı olan polis idarələrində rəislərin ağlına belə gəlmir ki, iş saatı və günündən əlavə də işə çıxsınlar, camaatdan hədə-qorxuyla pul yığan “postovoylar”ın gəlişini gözləsinlər.

Belə fikirlər isveçlinin ağlına ona görə gəlmir ki, ağlı bunu qəbul eləmək gücündə deyil. Bizimsə elə əvvəldən ağlımızda olur. Yazılanlara inansaq, elə 100 il əvvəl də belə olub. Deməli, bu, ağıla yox, qana, genə bağlı məsələdi. Ağıla bağlı olsaydı, adamlar ağıllandıqca, bu hallar da itib batardı. Qanda, mayada, gendə olanı təmizləmək mümkünsüz bir işdi – bu, Ayın üzündəki “ləkə”ni qaşıyıb təmizləmək kimi səfeh bir işə girişməyə bənzəyir.

Belə-belə şeylər haqda düşünüb-daşınandan sonra yəqin edirsən ki, “halal-haram” söhbəti yalnız halallıq olmayan cəmiyyətlərdə aktualdır. Total haramlığın hakim olduğu toplumda devizə çevrilən “Halal” kəlməsi donuz kolbasasının etiketinə yazılan “Halal” sözündən ötə deyil.

Bu yazının kitabımın MKM-də qalib olmaması hirsindən yazılması fikrinə düşməyin, lütfən. “Cığallıq edir”, “Özü qalib olsaydı, yazmazdı bunları” deməyə də tələsməyin. Əvvəllər də demişdim, yazmışdım ki, mən yazıçı deyiləm, ayıb olar belə düşünsəm. Bu sözün mənasını bildiyimdən belə düşünürəm. Sadəcə, anlamaq istədiyim odu ki, niyə bizlər ən ülvi hislərlə başladığımız işi sonda xırda duyğularla bitiririk. Yəni bu xalqın seçimi əksəriyyəti razı salan üç-beş adamı tapılmayacaqmı? Bu nədi? Bu, bizim naturamızdanmı qaynaqlanır?

Müsabiqənin başından yazı və müsahibələrimdə dediyim sözlər ayrı-ayrı saytlarda da, bloqumda da durur. Bu mövzuda dediyim fikirlərin üstündə yenə də dururam. Son müsahibədə belə demişdim: “MKM də, başqa müsabiqələr də ədəbiyyat hadisəsidi. Kitabdan çox-çox uzaq düşən bir toplumda belə müsabiqələrə hər kəs dəstək verməlidi. Xüsusilə, kitab, ədəbiyyat dəyərini bilənlər verməlidilər bu dəstəyi. Başqalarını demirəm, ədəbiyyat adamları, ədəbiyyatsevərlər bayrama çevirməlidirlər bunu. Elə kitabı dəyərdən salanların acığına eləməlidirlər. Bu konteksdən yanaşanda kimin qalib olması o qədər də əhəmiyyət kəsb eləmir. Müsabiqənin nüfuzuna əsas təsir edən amil isə obyektiv seçimdi. Böyük qəlblərdə xırda duyğular olmaz. İnanıram ki, Azərbaycanın bu qədər böyük adamının təmsil olunduğu münsiflər heyəti də böyüklüyünü saxlayacaq. Yazana, ona dəstək verən, yaxud mane olan hansısa güclərə yox, yazıya qiymət verəcəklər”.

MKM balları açıqladı. Tanış oldum. Niyazi Mehdi, Ayaz Salayev, Şahbaz Xuduoğlu, Çingiz Abdullayev, Hamlet İsaxanlı kimi tanınmış isimlərin qərəzəbənzər mövqeləri (qrup halında hamısı 5 bal verib) bax elə bu gecə pəncərəmdən baxan ay kimi aydın görünür. Məsələn, ön sözü Rüstəm İbrahimbəyov yazmasaydı, onun ittifaqına alternativ kinoşünaslar birliyi yaradan mənim sevimli dostum Ayaz Salayev ən aşağı balını məhz mənim kitabıma verərdimi? Şahbaz bəyin yaxşı qrup başçısı olmasını da deyirdilər. Nəysə… Hamısı sağ olsun. Ən aşağı bal yazan bu dostlar da, kitabıma ən yüksək balını vermiş Əkrəm Əylisli, Rafiq Əliyev, Elçin Şıxlı da. Ayrı-ayrı vaxtlarda “Çamayra. Kuba dəftəri”inə öz yazı və müsahibələrində yüksək qiymət verən Rüstəm İbrahimbəyov, Rəşad Məcid, Pərviz Cəbrayıl da. Elə Rüstəm müəllimin kitabın ön sözündə yazdıqları bundan belə yüz il də bəsimdi.

Hər dəfə müsabiqəyə yüksək dəyər verən sözlərim dərc olunanda burada iştirakdan imtina edən dost yazarlar mənə yazırdılar ki, müsabiqə ədəbiyyatın ictimailəşməsinə, təbliğatına nə qədər təkandısa, sonda seçim vaxtı edilən qrupbazlıq, dostbazlıq və başqa “bazlıq”lıqlar da ədəbiyyatı, sözü bir o qədər aşağılayır.

Onların bu sözlərini o vaxt bölüşməsəm də, sayğıyla yanaşmışam. İndisə bölüşüb-bölüşməməyin ta elə bir əhəmiyyəti yoxdu. Müsabiqə haqda əvvəl dediyim sözlərin hər kəlməsini indi də təkrarlayıram. Bircə onu əlavə edirəm ki, ilk üç yerdən ikisinin qalib olacağını hələ iki ay əvvəldən uzaq İsveçdə təxmin eləmişdim… danışılan söz-söhbətdən və yazılanlardan. Qalib kitabları oxumadığımdan onlar haqda fikir bildirə bilmirəm. Müəlliflərdən isə tək tanıdığım Pərvindi. İllər öncə “Qar yağacaq” adlı hekayəsini çox bəyənmişdim.

Münsiflərin isə bir-ikisini çıxmaqla hamısını şəxsən tanıyıram, bəzisini göz qırpmadan “xalqın vicdanı” da adlandırardım. Bir siyahıya baxın, nə qədər məşhur simalar var. Bu qədər sözü, əməli olanı hər saat bir yerdə toplaşan görmərsən. Onlar söz, ədəbiyyat adına bir yerdədilər. Amma indi məni bir xalq, bu xalqın parçası fərdlər olaraq, sərbəst, vicdana bağlı seçim edə bilməməyimiz düşündürür. Günah kimdədi, nədədi? Fərdlərdə, toplumda, ənənədə, sistemdə?

Əgər belə adamların da seçimində şübhə yeri varsa, tək-tək vicdanlı səsin yekuna təsiri yoxdursa, ələbaxan, müti məmur ordusunun keçirdiyi seçkilərdən nə umasan?! Bu ölkənin baş seçkisinin taleyi Mərkəzi Seçki Komissiyasında həll olunur. Düşünürəm, görəsən “xalqın vicdanı” dediyim kəslərin də yer aldığı MKM-in münsiflərini bu heyətdə MSK üzvü eləsək, azad və ədalətli seçkilərə qarant almış olarıqmı?

…Sonra yazının başlığına baxıram və susuram.