Prezidentin çıxışına baxmayaraq, etiraz aksiyaları davam edir
Braziliyada ölkə prezidenti Dilma Rusef etirazçıların tələbləri ilə əlaqədar referendum keçirilməsini təklif etdikdən sonra da etirazlar səngiməyib. Ötən gün Rio-de-Janeyroda minlərlə insan küçələrə çıxaraq, korrupsiyaya qarşı şüarlarla yürüş edib. Etirazçılar korrupsiya hallarına son qoyulması tələbi ilə yanaşı, səhiyyə və təhsil sahələrinə yatırımların artırılması və Braziliyanın ev sahibliyi edəcək futbol üzrə Dünya Çempionatına çəkilən xərclərin azaldılması tələblərini irəli sürüblər.
“Dünya Kubokuna sərf olunan maliyyə vəsaiti səhiyyə sisteminə yatırılmalıdır. Düzgün olan da budur.” – Luçiana Markes adlı etirazçı belə deyir.
“Bu cür yüksək vergilərin olduğu böyük bir ölkəd siyasətçilər səhiyyəyə və təhsilə yatırım etmək əvəzinə, bizim pullarımızı oğurlayırlar. Bu, utandırıcı bir haldır.” – deyə, Qabriel Tos adlı etirazçı bildirir.
Qeyd edək ki, Braziliyada sosial etiraz aksiyaları 1 həftədən çoxdur davam edir və ən kütləvi aksiyalar Rio-de-Janeyro, San-Paulu və paytaxt Braziliada keçirilir.