Ermənistan üçün “oksigen balışı”
Və ya bir qəfil ziyarətin pərdəarxası
Başa çatan həftənin yaddaqalan olaylarından biri də İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin redaksiyamıza qəfil gəlişi və geniş müsahibə verməsi oldu. Təbii ki, ziyarət İranda prezident seçkilərinin nəticəsi məlum olandan dərhal sonraya təsadüf etməsi ilə dərhal diqqət çəkdi. Hər halda, birdən-beşdən qonşu ölkə səfirləri ilə indiyədək onların öz iqamətgahında belə müsahibə almaq bir elə asan olmayıb.
Diplomatın iki ölkə münasibətləri, bu münasibətlərin inkişafına əngəl yaradan məsələlər, o sırada Qarabağla bağlı suallara verdiyi cavablardan bəzi qənaətlər hasil oldu. Əvvəla, belə təəssürat yarandı ki, səfir Azərbaycan toplumunda qonşu İranla, daha doğrusu, onun siyasi-dini çevrələri ilə bağlı formalaşmış ənənəvi və daşlaşmış rəyi müsbətə doğru dəyişmək hədəfi güdür.
Bəs niyə məhz indi? Yəqin ona görə ki, artıq İranın yeni prezidenti bəllidir və ölkə ətrafında nüvə dosyesi ilə bağlı böhran çözümünə yaxınlaşır. Ancaq hansı yolla, sual da budur. Tehran isə hələ də Azərbaycanın bu məsələdə özünə qarşı hansısa rol aldığından narahatdır – hərgah, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan İrana hücumda heç vaxt üçüncü ölkə üçün plasdarm rolunda olmayacaq (Eyni mövqeni Türkiyə hökuməti sərgiləyib və neçə həftədir ölkədə yaşanan gərginliyin bir səbəbi də budur).
Düzdür, yeni prezident Həsən Ruhani mötədillər qrupuna aid edilir, ancaq hamı fərqindədir ki, ölkənin daxili və xarici siyasət kursunu ali dini rəhbərlik, konkret olaraq Seyid Əli Xamaneyi müəyyən edir. Lakin “islahatçı” Ruhaninin seçkilərdə gözlənilməz və parlaq qələbəsi göstərdi ki, İran toplumunun əksəriyyəti hər halda dünya ilə konfrontasiyaya deyil, anlaşma yoluna meyllidir. Bu mənada şübhə yox ki, Ruhaninin qələbəsinə ABŞ və Avropanın Tehrana qarşı tətbiq etdiyi və ölkədə əsas ərzaq məhsullarının, bir sıra xidmətlərin bahalaşmasına gətirən maliyyə sanksiyalarının da təsiri olub.
Ayrı sözlə, səfirin redaksiyamıza ziyarəti öncəliklə İran toplumunun iradəsinə söykənərək Azərbaycan ictimai fikrinə daha cəsarətlə çıxmaq, Tehran ətrafında formalaşmış neqativ regional və beynəlxalq situasiyanı seçkilərdən sonra vaxt itirmədən yumşaltmaq taktikasına bağlana bilər. Nəzərə alsaq ki, cənab Ruhani beynəlxalq bitliyə ünvanlı bir neçə yumşaldıcı mesajlar ünvanlayıb, o zaman diplomatın son açıqlamaları bir qədər də məntiqli görünər.
Söz düşmüşkən, yeni prezident öz komandasında “yalan və riyakarlığa yer olmayacağını, problemlərə ürək yanğısı ilə yanaşanlara, peşəkarlara üstünlük veriləcəyini” deyib. Bu da səfiri “Yeni Müsavat”a gətirən motivlərdən başqa birisi ola bilərdi. Yəni təzə prezident bununla ölkəsinin xaricdəki diplomatik korpusundan da keyfiyyətli iş gözlədiyinə işarə vurub. Qonşu dövlətlər, ələlxüsus Azərbaycan isə rəsmi Tehran üçün daim prioritet təşkil edib.
Bəs yeni diplomatik-siyasi gedişlər iki qonşu arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıra bilərmi? Çətin. Ona görə ki, aradakı gərginlik rəsmi şəxslərdən, hökumətlərdən, ümmət maraqlarından çox, ideoloji fərqlərdən, milli maraqlardan qaynaqlanır. Qarabağ məsələsində İranın tutduğu, qardaş Türkiyənin mövqeyinə diametral zidd mövqe buna sübutdur. Yeri gəlmişkən, müsahibədən o da aydın olur ki, İrana qarşı ölkəmizdəki etimadsızlığın əsas səbəbi sayılan Ermənistanla siyasi, iqtisadi-ticari ilişgilərdə hər hansı dəyişiklik gözlənilmir.
Bu harasıdır, diplomat İran-Ermənistan əlaqələrinin Azərbaycan mətbuatında şişirdildiyini, bu əlaqələrin guya Qarabağ məsələsində “normal vasitəçilik” naminə zəruri olduğunu söyləyib. Lakin inandırıcı və səmimi deyil. Birincisi, heç kim Tehranın vasitəçiliyinə imkan verməz. İkincisi də İran müsəlman torpaqlarını işğalda saxlayan təcavüzkarla əlaqələr qurmaqla yox, əksinə, sərhədləri Türkiyə kimi bağlamaqla problemin həllinə qat-qat böyük və real töhfə vermiş olardı. O dərəcədə böyük töhfə ki, ixtilaf qısa zamanda ədalətli həllini tapar, heç Minsk Qrupuna da ehtiyac qalmazdı. Çünki İran Ermənistan üçün yeganə “oksigen balışı”, balığın qəlsəmələri rolundadır.