Qərb mediasının ardınca bu dəfə Rusiya mediası İranı Azərbaycana qarşı aqressiv mövqeyə təhrik edən xəbər yayıb. “Arqumenti nedeli” həftəliyində yer alan xəbərdə deyilir ki, İsrail Azərbaycandan İrana qarşı mümkün hərbi əməliyyatlarda istifadə edə bilmək üçün 4 istifadəsiz, 4 istifadə olunan hərbi aerodrom alıb.

 

Bu aerodromların ümumi sahəsi 74 min kvadratmetrdir. Qəzet yazır ki, nə İsrail, nə Azərbaycan sövdələşmənin məbləğini açıqlamır. Ekspertlər hesab edirlər ki, İsrail bununla İrana qarşı hərbi əməliyyatlara hazırlaşır. Lakin Rusiya qəzetinə görə, hərbi əməliyyatlar başlasa, İsrail bombardmançılarının Azərbaycan ərazisindəki aerodromlardan havaya qalxacağını gözləmək lazım deyil. İsrail təyyarələri bombardmandan sonra bu aerodromlarda yerə enərək yanacaq götürə, yaxud onlardan xilasetmə əməliyyatları üçün istifadə edə bilər. 

 

Xəbərdə Amerika ordusunun istefada olan polkovniki Sem Qardinerdən sitat gətirilir: “Sadə dillə desək, qırıcı-bombardmançı nə qədər uzaq məsafə qət etməli olsa ona o qədər çox yanacaq lazımdır və bu zaman o daha az silah daşımalıdır. Məsafənin qısaldılması isə zərbə gücünü və dəqiq zərbə endirmək şanslarını artırır”. Qəzet Moskvanın “Azərbaycanla İsrail arasındakı bu hərbi tərəfdaşlığı hələ izlədiyini” də qeyd edir.

 

İsrailin Azərbaycanda İranı vurmaq üçün hərbi aerodrom aldığı barədə məlumatları ötən il ABŞ-ın nüfuzlu “The Foreign Policy” jurnalı Amerika kəşfiyyatındakı mənbələrə istinadən yaymışdı. Bildirilirdi ki, söhbət istifadəsiz aerodromlardan birindən gedir və İsrail aviasiyası yanacaq götürmək üçün orada yerə enmək icazəsinə malikdir. Bu məlumat böyük əks-səda doğurdu, İsrail rəhbərliyi ABŞ administrasiyasını bilərəkdən məxfi informasiyanı sızdırmaqda, bununla da onun İrana qarşı hərbi planlarını pozmaqda günahlandırdı. Rəsmi Bakı isə məlumatı qəti şəkildə təkzib etdi. Bununla belə, İran mənbələri də İsrailin Azərbaycan ərazisində bir neçə hərbi aerodrom aldığı barədə bir neçə dəfə xəbərlər yayıb. Görünən odur ki, Tehran Bakının təkziblərinə inanmır. Ancaq son vaxtlar İran Bakıya qarşı sərt ritorikanı dayandırıb. Və belə bir vaxtda Rusiya qəzeti İsrailin Azərbaycanda hərbi aerodrom aldığı barədə mövzunu yeniləyir.

Загрузка...