İsti yay günlərində insanlar əyləncə mərkəzlərinə və dənizkənarı parka üz tutmağa çalışır. Bakı sakinləri əsasən axşamlar Dənizkənarı Milli Parka üz tuturlar. Burada varlı, kasıb olmasından asılı olmayaraq cavana, qocaya, uşağa rast gəlmək olar. Pul xərcləməsən burada yalnız gəzişmək, hava almaq mümkündür. Yox, əgər çay içmək, uşaqları əyləndirmək istəyirsinizsə, xeyli xərcə düşəcəksiniz.
Bulvardakı vəziyyətlə tanış olmaq üçün günəş batana yaxın ora yollandıq. Bulvarda uşaqların diqqətini çəkən 15-20 bir-birindən maraqlı karusellər olsa da, valideynlər övladlarının diqqətini onlardan yayındırmağa çalışırdılar.
Bu karusellər səhərdən axşamadək 5-10 nəfəri güclə fırlayır. Səbəb qiymətlərin baha olmasıdır. Valideynlər bahalıq üzündən uşağına burada dondurma, sərin su ala və müxtəlif əyləncə vasitələrindən istifadəyə pul xərcləyə bilmir.
Qeyd edək ki, bulvarda zövqünə uyğun restoranda oturub, yaxşı zaman keçirə bilərsən. Amma təbii ki, qiymətlər ucuz olmayacaq. Orta səviyyəli restoranda bir şiş kababın qiyməti 5-8 manat civarındadır. Hər bir salatın (bir nəfər üçün) qiyməti 4 manat təşkil edir. Meyvə şirələrinin qiyməti isə 3 manatdır.
Elə çayxanalar var ki, orada bir çaynik çay sifariş edən zaman mütləq yanında ən azı, mürəbbə də istəməlisən. Əks təqdirdə, çay verilmir. Bunun da qiyməti yerindən asılı olaraq, 15-20 manat arasında dəyişir.
Milli Parkın ən gözəgəlimli yerlərindən biri də “Venesiya su şəhərciyi”dir. Çoxları buranı ada da adlandırır. “Venesiya”da qayıq sürənlərə yaxınlaşıb səyahətin qiyməti ilə maraqlanırıq. Qayıqla 20 dəqiqəlik gəzinti 5 manatdır. Səyahət etdikdən sonra özünü xəyalən də olsa Venesiyada hiss etmək istəyirsənsə, İtaliyan mətbəxinin yeməkləri ilə qarşına çıxan “Venesiya” restoranına üz tutmalısan. “Venesiya”ya daxil olub menyu ilə tanış olduq. Ləziz salatlar, soyuq qəlyanaltı, isti yeməklər, pitsalar, içkilər və başqa nemətlər… Ancaq burada qiymətlər nəinki aşağı, heç orta təbəqənin də cibinə uyğun deyil.
Buradan ayrılıb qiymətlərin bir az ucuz olması ümidi ilə elə Milli Parkın daxilində fəaliyyət göstərən “Park Bulvar”a yollandıq. Bura daxil olduğumuzda kifayət qədər uşaq və böyüklərin əyləndiyinin şahidi olduq. Öyrəndik ki, “Park Bulvarda” uşaqlarınızla əylənmək üçün ilk öncə 2 manat verib kart almalı, daha sonra isə kartına pul yükləməlisən. Əks təqdirdə, içəri daxil olub yalnızca əylənən insanları seyr edə bilərsən. Kartına nə qədər çox pul yükləsən, bir o qədər də çox əylənəcəksən. Burada olan oyun və karusellərin qiyməti 80 qəpikdən başlayırdı. Uşaqları ilə müxtəlif oyunlar oynayan valideynlər “Park Bulvar”dan razı olduqlarını deyirdilər. Uşaqlarını hər dəfə bu məkana gətirdiyini deyən Rahilə xanım qiymətlərin münasib olduğunu dedi: “Uşağımı bura gətirmək bizə bulvardan ucuz başa gəlir. Kartımıza 5 manat yükləmişik. Uşaqlarımın bu 5 manatla yaxşıca əylənməsini təmin edə bilirəm”.
Ailəliklə bu məkana üz tutan Aydın Heybətov iki uşaqla bu məkana gəlməyin sərf etmədiyini bildirdi: “Uşaqlarımın ikisini də gətirmişəm. Heç 1 saat deyil burdayıq. Artıq 20 manat xərcləmişik. Cəmi 2 oyun oynamışıq. Bir də dondurma yemişik”.
Qeyd edək ki, “Park Bulvar”ın içərisində gözəl mənzərəsi olan və səliqəli kafe diqqətimizi çəkdi. İçəri daxil olduğumuzda bu böyük kafedə cəmi iki nəfərin əyləşdiyini gördük. Müştərinin az olması isə burada qiymətlərin bahalığı ilə əlaqədar idi. İnzibatçıdan öyrənirik ki, “Veranda”da ad günləri də keçirilir. Maraqlıdır, bu gözəl mənzərəsi və səliqəli olan kafedə bir ad günü keçirmək neçəyə başa gəlir? Samir kafedə menyuların 20, 25 və 30 manat arasında olduğunu dedi: “Bizim ən ucuz menyumuz kartofla toyuğun döş əti, pitza və içki olan menyudur ki, bunun da qiyməti 15 manatdır. Əgər kafeni istəyirsinizsə, bunun qiyməti 800 manatdır. Şənbə və bazar günləri isə bu qiymət 1000 manat olur”. Burada klounla karikaturaçının 1 saatı 70 manat, şokoladlı şouların isə 1 saatı 150 manatdan başlayır.
Beləliklə, yaxşı ad günü keçirmək, dənizkənarı parkda və “Park Bulvar”da yaxşı istirahət etmək üçün cibində yaxşı pulun olmalıdır. Əks təqdirdə, bütün bunları kənardan sahil boyu gəzərək və skamyalarda oturaraq seyr edə bilərsən.
Mövsümlə əlaqədar olaraq çimərlik kənarlarında da qiymətlər çox bahalaşıb. Novxanıda, Şıx çimərliyində, Bilgəhdə dəniz kənarındakı restoranlarda çay içmək 15-20, yemək yemək isə orta hesabla 50-100 manat civarında xərc tələb edir. Belə çıxır ki, bu ölkədə ancaq bir qrup varlı yaşaya bilər…
musavat.com