Hakimiyyət mayın 28-də elan olunan Milli Şuranın güclənməsindən və ətrafına ən müxtəlif təbəqələrdən olan tanınmış şəxsləri toplamasından, böyük bir hərəkatın başlaya bilməsindən ciddi narahatdı. İqtidar daxilindəki mənbələrdən “Yeni Müsavat”a daxil olan məlumata görə, hakimiyyət özü üçün təhlükəli proseslərin başlamasının qarşısını almaq üçün bir sıra addımlar atmağa başlayıb.
Hakimiyyətdə belə bir qənaət var ki, ölkə daxilində Milli Şuraya para axını ola bilər. Elə Milli Şura ilə bağlı məsələlərdə hakimiyyəti narahat edən əsas məqamlardan da biri budur və ehtimal olunan bu axının qarşısının alınması üçün hərəkətə keçilib. İlk növbədə hansı qrupların, şirkətlərin, biznesmenlərin müxalifətə maddi dəstək verə biləcəyi müəyyənləşdirilir. Hakimiyyət xüsusən öz içindən və böyük şirkətlərdən Milli Şuraya para axını ola biləcəyini düşünür və önləyici tədbirlər də daha çox bu istiqamətdədir.
Bu barədə əldə etdiyimiz məlumatlarda bildirilir ki, ilk növbədə böyük şirkətlərin son beş ildəki fəaliyyətləri təftiş olunur, onların rəhbərlərinin əlaqələri, əsas müxalifət qüvvələri ilə təmasları, müxalifətə yaxın olan hansısa şəxslərlə münasibətləri araşdırılır. Daha çox da bütün nazirliklərin son beş ildə keçirdiyi tenderlərin qalibi olan şirkətlərin rəhbərlərinin fəaliyyəti, maddi durumları, hakimiyyətə qarşı gerçək münasibətləri təftiş olunur.
Bu da təsadüfi deyil. Çünki dövlətin böyük pullarının xərclənməsi əsasən son beş ilə təsadüf edir və onlarla şirkət bu beş ildə nazirliklərin və digər dövlət qurumlarının elan etdiyi tenderlərdə yüzlərlə layihə qazanıblar. Bu isə həddən artıq böyük pullar deməkdi.
Hakimiyyətdə yaxşı bilirlər ki, dövlət büdcəsindən külli miqdarda paralar ayrı-ayrı məmur oliqarxlar, onlara bağlı şirkətlər və şəxslər vasitəsilə məhz bu tenderlər vasitəsilə mənimsənilir. Bu isə hər il bir neçə milyard manat deməkdi. Həmin məbləğin böyük hissəsi bir neçə şirkət arasında paylaşdırılır. Redaksiyamıza daxil olan xəbərdə o da deyilir ki, artıq həmin şirkətlərin rəhbərlərinə müxalifətlə hər hansı təmasın ağır nəticələr verəcəyi barədə xəbərdarlıq edilib.
Son beş ildə keçirilən tenderin təftişini isə xüsusi yaradılmış qrup aparır. Məlumatlara görə, artıq həmin qrup ortaya bəzi şirkətlər və onların bağlı olduqları məmurlar üçün başağrısı ola biləcək nəticələr çıxarıb.
Buna görə hazırda nazirliklərdə, ayrı-ayrı dövlət qurumlarında bir tender xofu yaşanır. Hər kəs bu tender təftişindən itkisiz çıxmağa çalışır. Amma bu təftişdə əsas məqsəd heç də tenderlərin necə keçirilib-keçirilmədiyini üzə çıxarmaq deyil. Əsas məqsəd son beş ildə böyük pulların kimlərin əlinə keçdiyini tam dəqiqləşdirmək və onların çevrəsini öyrənərək müxalifətə mümkün para axının qarşısını almaqdı.
Hakimiyyət dəqiq bilir ki, vəziyyət bir qədər dəyişsə və Milli Şura cəmiyyətdə çox nüfuz qazansa böyük para sahibləri olan bir sıra şəxslər öz gələcəkləri üçün müxalifətə dəstək verməkdən çəkinməyəcək. Odur ki, belə şəxsləri müəyyənləşdirərək indidən zərərsizləşdirməyi ən optimal variant sayır.