Türkiyənin ən populyar serialı “Muhteşem Yüzyıl”da ciddi dəyişikliklər var.
Serialın baş rollarından biri – Hürrəm Sultan obrazını canlandıran aktrisa Məryəm Üzerlinin kimsəyə xəbər vermədən İstanbulu tərk edərək Berlinə yollanması, “Bezmişəm və tükənmişəm!” deyərək serialda çəkilmək istəmədiyini, psixoloji reabilitasiya klinikasında müalicə aldığını deməsindən sonra çəkilişlərdə ciddi problemlər yaranıb.
Milli.Az AHT-yə istinadən bildirir ki, dünən Məryəm Üzerlinin daha bir tələbi səslənib. O, dünyanın 40 ölkəsində nümayiş edilən “Muhteşem Yüzyıl” serialının “populyarlığında xüsusi əməyi olduğunu” vurğulayaraq, teleserialın Türkiyə sərhədlərindən kənarda nümayişləri üçün pay istəyib.
Teleserialı çəkən “Tims Prouction” studiyasının rəhbəri Timur Savçı bu tələbi rədd edib.
“Muhteşem Yüzyıl”ın 101-ci seriyasında 3 səhnə hələ də çəkilməyib.
Timur Savçı bununla bağlı olaraq Berlinə, Məryəm Üzerliyə zəng vuraraq “Nə vaxt qayıdacaqsan?!” soruşub. Lakin aktrisa prodüserə cavab verməyib. Belədə T.Savçı serialın rejissorları Yağmur və Durul Taylanlara “101-ci serialı Məryəm Üzerli olmadan çəkib başa vurun” deyib.
Serialın ssenari müəllifi Yılmaz Şahin də 101-ci seriyada Hürrəm Sultanın olduğu səhnələrin hamısını silib.
“Muhteşem Yüzyıl”ın iyunun 26-da başa çatacağı da açıqlanıb.
Aktrisa Məryəm Üzerlinin serialla bağlı imzaladığı müqavilənin müddəti isə daha tez, iyunun 15-də bitiriləcək.
Serialda çəkilən aktrisalar Nur Fettahoğlu, Selma Ergeç və Deniz Çakırın dediklərinə görə, Məryəm Üzerli “Muhteşem Yüzyıl”dan qovulub.
Timur Savçı sözügedən iddia ilə bağlı heç bir açıqlama verməyib. Lakin Hürrəm Sultan roluna başqa aktrisa arandığı da vurğulanır.
“Muhteşem Yüzyıl” serialının 3 seriyadan sonra bitəcəyi bəyan edilib.