Türkiyə-Ermənistan sərhədlərinin açılması yenidən gündəmdə
Qardaş ölkənin aparıcı müxalifət partiyasının lideri şok açıqlamalarla çıxış edib
Türkiyənin aparıcı müxalifət partiyaları hakimiyyətə qarşı yeni sərt bəyanatla çıxış edib. Belə ki, Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib ki, baş nazir Rəcəb Tayyib Ərdoğan erməni məsələsinin həlli təşəbbüsünü ortaya atıb:
“Türkiyə Böyük Millət Məclisinin kürsüsündən alqışların müşayiəti altında çıxış edən ABŞ Prezidenti Barak Obama R.T.Ərdoğana erməni məsələsinin həll edilməsi istiqamətində təlimatlar, ev tapşırığı verib. Baş nazir isə soyuqqanlılıqla bu təlimatı yerinə yetirib. Ərdoğan erməni məsələsinin həlli təşəbbüsünü ortaya atıb. Əfqanıstana əlavə əsgər göndərmək təlimatını yerinə yetirib, İmralı canısı ilə bazarlıq aparmaq sözünü yerinə yetirib. Bunların əvəzinə ABŞ Türkiyənin əsas problemlərinin həllinə dair dəstək verməyib”.
Qeyd edək ki, erməni məsələsində ABŞ-ın əsas istəyi Türkiyə-Ermənistan sərhədlərinin açılmasıdır. ABŞ-ın Ermənistandakı səfiri Con Heffern də bundan əvvəl bildirib ki, ABŞ Barak Obamanın ikinci prezidentliyi dövründə də Ermənistanla Türkiyə arasında münasibətlərin sahmana salınması istiqamətində səy göstərəcək. Səfir Ermənistan-Türkiyə protokollarının ratifikasiyası və həyata keçirilməsinin 2009-cu ildə imzalandığı vaxtdan bəri ABŞ üçün prioritet olaraq qaldığını bildirib. Onun sözlərinə görə, prezident Obama Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla bütün görüşləri zamanı bu məsələni qaldırıb. İstisna olunmur ki, Ərdoğanın ABŞ-a sonuncu səfəri zamanı da bu məsələ qaldırılıb. Lakin Türkiyə Azərbaycan əraziləri işğaldan azad olunmayana qədər sərhədlərin açılmasına qarşıdır. Bununla belə Dövlət Baxçalının ittihamları da istər-istəməz diqqət cəlb edir.
Digər tərəfdən nəzəər almaq lazımdır ki, erməni lobbisi də ABŞ-da təsir imkanlarından istifadə edərək Türkiyə-Ermənistan sərhədlərinin açılmasına çalışır. Sərhədlərin açılmasını nəzərdə tutan məlum “Sürix prtokolları” isə hələ də Ermənistan parlamentinin gündəliyindən çıxarılmayıb. Elə bir neçə gün əvvəl də Ermənistan parlamentinin iclasında İrs Partiyasının deputatı Zarui Postancıyan parlament sədri Ovik Abramyana 2009-cu ildə Ermənistan ilə Türkiyə arasında imzalanmış protokolların qanunverici orqanın böyük gündəmindən çıxarılmasının mümkünlüyü haqqında sual verib. Abramyan cavab olaraq qeyd edib: “Hakim partiya, prezident Serj Sarkisyan protokolların parlamentdə ratifikasiya olması üçün heç bir şərt irəli sürmür. Bu erməni soyqırımına və ölkədəki siyasi proseslərə bağlı deyil. Biz 2009-cu ildə protokolları qeyd-şərtsiz paraf etdik. Bu protokolların qüvvəyə minməsi diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması deməkdir. Belə bir vəziyyət Ermənistan iqtisadiyyatının inkişafına stimul ola bilər”. Zarui Postancıyan, «Daşnaksutyun» Partiyasından Arçvik Minasyan və Aqvan Vardanyan “biabırçı” olaraq adlandırdıqları protokolların məclis gündəmindən çıxarılması üçün əllərindən gələn hər şeyi edəcəklərini bildirərək məsələyə münasibətlərini ortaya qoyublar.
Xatırladaq ki, “Sürix protokolları” 10 oktyabr 2009-cu ildə Isveçrənin vasitəçiliyilə Sürixdə Ermənistanın və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu tərəfindən imzalanıb. 2010-cu il aprelin 22-də Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin prosesi davam etdirməyə hazır olmadığını bəyan edərək, protokolların ratifikasiya prosesini dayandırmaq haqqında fərman qəbul edib. Türkiyə isə bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadan Ermənistanla sərhədlərin açılması mümkünsüzdür. Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan” Sürix protokolları” ilə bağlı indiki situasiyada, əksər ekspertlərin fikrincə, bu istiqamətdə ciddi irəliləyişlər gözləməyə dəyməz. Çünki yaranmış vəziyyətdə rəsmi Ankara üçün “Sürix protokolları” aktual deyil.
Onu da bildirək ki, Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyiş olmadan rəsmi Bakı “Sürix protokolları”nın reallaşmasına qarşı çıxır. Bununla bağlı Azərbaycan öz mövqeyini dəfələrlə Türkiyə və beynəlxalq ictimaiyyətin diqqətinə də çatdırıb. Bəzi erməni siyasətçiləri isə bu protokollara birdəfəlik son verilməsini zəruri sayır. Qeyd olunur ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı imzalanmış” Sürix protokolları” əvvəldən erməni tərəfi üçün əlverişsiz idi. Lakin Qərb ölkələri, erməni lobbisi və Ermənistan məsələyə fərqli prizmadan baxaraq Türkiyə ilə sərhədlərin açılmasını istəyirlər.