Nazpəri Dostəliyeva İlhamə Quliyeva ilə arasında davam edən qalmaqalla bağlı növbəti açıqlama ilə çıxış edib. APA-nın məlumatına görə, İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərlinin söylədiklərinə cavab xarakteri daşıyan açıqlamasında N. Dostəliyeva bildirib ki, İ. Quliyeva arasında bu vaxtadək heç bir şəxsi münasibət olmayıb: “Bir neçə gün əvvəl mətbuata verdiyim açıqlamalarda da bildirmişəm ki, nə İlhamə Quliyeva ilə, nə də özlərini onun köməkçisi və mətbuat katibi kimi təqdim edən şəxslərə heç vaxt zəng etməmişəm və belə fikrim də olmayıb. Əksinə, həmin şəxslərin özləri dəfələrlə mənimlə telefon əlaqəsi saxlayaraq ən azı bir həftə ərzində İlhamə ilə barışmağımı israrla xahiş ediblər. Mən onlara bildirmişəm ki, əgər İlhamə KİV-də məndən üzr istəyərsə, yaşını nəzərə alaraq onu bağışlayaram. Telefon zəngləri ilə əlaqədar bir daha qeyd edirəm ki, lazım olarsa, kimlərin nə vaxt kimə zəng etməsi faktını mətbuata təqdim edəcəyəm”.
N. Dostəliyeva qeyd edib ki, İ. Quliyeva və ətrafındakılar belə hərəkətlərlə öz vəziyyətlərini daha da gərginləşdirir və gülünc vəziyyətə düşürlər: “İlhamənin, həm də özünü onun mətbuat katibi və köməkçisi kimi təqdim edən şəxslərin nəzərinə çatdırıram ki, bəzilərindən fərqli olaraq nə İlhamə tərəfindən verilən titullara, nə də onun mənim sənətimə verdiyi qiymətə ehtiyacım yoxdur. Çünki belə qiyməti mənə dövlətimiz verib. O ki qaldı populyarlıq məsələsinə, həm İlhamənin, həm də özünü onun köməkçisi və mətbuat katibi kimi təqdim edənlərin nəzərinə çatdırıram ki, populyarlıq heç vaxt mənim aləmimdə sənətdə keyfiyyət göstəricisi olmayıb. Bəzi insanlar gözləyirdilər ki, mən İlhamənin ürəkdən gəlməyən süni təriflərinə aldanaraq məndən üzr istəmədiyi halda onu bağışlayım. Gözlədiklərinin əksi olduqda isə İlhamə iç üzünü bir daha açdı. İlhamə dəfələrlə öz fikirlərini və mövqeyini 180 dərəcə dəyişərək hətta canlı efirdə belə jarqon ifadələr işlətməklə hədə-qorxu gəlməkdən çəkinmədi. Həmin faktlara əlavə şərh verməyə ehtiyac görmürəm. Mən heç vaxt nə İlhamə olmaq istəmişəm, nə də özümü onun vəziyyətinə salmaq istəmişəm”.