SERJİN “ZƏFƏR”İ, GÜLÜN TƏBRİKİ
Xəbərin başlığı beləydi: “Türkiyə prezidenti Abdulla Gül Serj Sarkisyanı təbrik etdi”.
İlk baxışdan normal hadisədir. Ən pis münasibətdə olan dövlətlərin rəhbərləri də bir-birinə formal olaraq, protokol xatirinə belə təbrik mesajları yollayırlar.
Amma Sarkisyanın qələbəsi MSK tərəfindən sənədləşdirilsə də, xalq tərəfindən legitim yekun kimi qəbul edilməyib. Necə deyərlər, ortada mübahisəli məsələ var.
Ermənistan, Azərbaycan kimi demokratiyaya keçid dövrü və keçid problemi yaşayan ölkələrdə yeni seçilmiş, daha dəqiqi, seçki birincisi elan edilmiş siyasi xadimi o zaman təbrik etmək olar ki, onun əsas rəqibi öz məğlubiyyətini etiraf etsin, başlıca rəqibinin qələbəsini tanısın.
Ermənistanda bu baş vermədi. Raffi Ovanesyan özünün seçildiyini bəyan edir və hiss olunur ki, xeyli dərəcədə əsası da var. Heç ola bilməz ki, ətrafına bu qədər qüvvə toplamış şəxs tamamilə korrupsiyaya uğramış, adı bədnam Sarkisyana elə seçkilərin birinci tutunda da uduzsun.
Biz bu regionda o cür filmlərə çox baxmışıq, seçki saxtakarlıqlarını, seçki fırıldağını və zorakılığını çox görmüşük. Bu baxımdan Ermənistandakı seçki epizodları çox tanış gəldi. Elə nəticələr də. O cümlədən seçkidən dərhal sonra gələn təbrik mesajları da.
Rusiya prezidenti Putinin seçki başa çatar-çatmaz, bir həftə öncədən hazırlanan təbrik mesajını Sarkisyanın ünvanına göndərməsi çox təbii və gözləniləndir. Rusiya saxtakarlıqla seçilmiş prezidentləri ilk təbrik edən ölkə olmaq ənənəsini müvəffəqiyyətlə qoruyur.
Ancaq qardaş Türkiyənin, onun mötədil siyasətçi kimi görünən prezidenti Abdulla Gülün bu sıraya qoşulması gözlənilməzdir. Güman ki, bu jest ermənilər üçün də gözlənilməz olub.
Hərçənd Sarkisyanın özünün türkiyəli həmkarının təbrik mesajından təəccübləndiyini güman etmək yanlışlıq olar. Bəlkə də əksinə, Ermənistan prezidentinin ilk növbədə təbrik gözlədiyi prezidentlərdən biri də cənab Gül olub.
Çünki onların arasında dostluq münasibətlərinin tarixi var. “Futbol diplomatiyası” adı ilə tanınan və Sarkisyanın Bursaya Türkiyə-Ermənistan millilərinin arasında keçirilən futbol matçına baxmağa getməsini, daha sonra Gülün İrəvana Ermənistan-Türkiyə millilərinin cavab qarşılaşmasına tamaşa etməyə gəlməsini xatırlayaq.
O zaman onlar bir-birinin ünvanına xeyli isti sözlər səsləndirmiş, foto-obyektivlər qarşısında mehriban pozalar vermişdilər. Məhz həmin vaxt Ermənistanla Türkiyənin arasındakı sərhədlərin açılması məsələsi gündəmə gəlmiş və bu, əvvəlcə Azərbaycanla Türkiyə arasında, sonra isə həm də Türkiyə və Ermənistan arasında ciddi gərginliyə səbəb olmuşdu.
Sonradan Türkiyə-Ermənistan dostluğu fiaskoya uğrasa da, bu, Güllə Sarkisyan arasında münasibətlərə o qədər də təsir göstərmədi. Onlar yenə də mesajlaşırdılar. Hətta Sarkisyan erməni tələbələrlə görüşərkən “bizim nəsil Qarabağı aldı, gələcək nəsillər isə Araratı azad etməlidirlər” deyə Ağrı dağını nəzərdə tutaraq Türkiyəyə qarşı ərazi iddiası irəli sürməsi də iki dövlərin prezidentlərinin münasibətinə təsir etmədi.
Baş nazir Rəcəb Tayyib Ərdoğan, onun müavini Bülənt Arınç, parlament sədri Cəmil Çiçək, eləcə də digər nazirlər vaxtaşırı “Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə ilə Ermənistan arasında ikitərəfli əlaqələr qurula bilməz” deyə bəyanatlar versələr də, prezident Gül həmişə bu möxzuda birmənalı fikirlər söyləməkdən çəkinir.
Əlbəttə, onun özünü bu sayaq aparmasını başa düşmək olar. O, prezidentdir, dövlətin simvoludur, gərək hər zaman təmkinli olsun. Ancaq Ermənistan xalqının saxtalaşdırılmış seçkilərə etiraz olaraq fasiləsiz mitinqlərə başladığı bir vaxtda mübahisə edən tərəflərdən birinə təbrik mesajı göndərmək prezidentə yaraşan təmkin nümayişi deyil.
Sonda onu da qeyd edək ki, Türkiyə prezidentinin Ermənistana qarşı sərgilədiyi bu həssasiyyət həm Türkiyə ictimaiyyətini, həm də Azərbaycan xalqını məyus edir.
Belə məlum olur ki, Türkiyə hələ də özünü Ermənistan qarşısında suçlu sayır, onun rəhbərliyinə yarınmağa, ona xoş gələn jestlər etməyə çalışır.
Bu isə əks-effekt verir. Dünən ermənilər hətta Sarkisyana vaxtından əvvəl təbrik göndərən qardaş Rusiyanın prezidenti Putinin də üzünə ağ oldular.
Xalid Kazımlı